Rafiq Alıcanov
Sosial həyat

Rafiq Alıcanov

Vətən torpaqlarının erməni işğalçılarından müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdikləri şəxsi igidliyə, şücaətə və vəzifə borclarının yerinə yetirilməsində misilsiz xidmətlərə görə Azərbaycanın Milli Qəhrəmanı  adına  layiq  görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur. Həyat və döyüş yolları gənclərimiz, eləcə də Vətən əsgərləri üçün nümunə olan Milli qəhrəmanlarımızın xatirə günlərinin, anım mərasimlərinin və yubileylərinin təşkili artıq ənənə halı alıb.

Haqqında söz açacağımız növbəti Milli Qəhrəmanımız Rafiq Cəfər oğlu Alıcanov 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Bir neçə ildən sonra valideynlərinin işi ilə əlaqədar Ağstafa rayonunun Köçvəli kəndinə köçüblər. Kənd orta məktəbini bitirdikdən sonra müvəffəqiyyətlə imtahan verərək Kalininqrad Ali Hərbi Mühəndislik Məktəbinə daxil olub. Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət edərkən kapitan rütbəsinədək yüksəlir. Ermənistanın torpaq iddiaları ilə Azərbaycana qarşı təcavüzünün başladığı ilk günlərdən doğma yurda qayıtmaq üçün mücadilələr etsə də, yalnız 1992-ci ilin avqustunda Vətənə qayıda bilir. İlk günlərdən mühəndis-istehkam qoşunlarının yaranması və formalaşmasında xüsusi səylər göstərir. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Goranboy, Ağdərə, Tərtər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Naxçıvan kapitan Rafiq Alıcanovun döyüşdüyü, qorunmasında iştirak etdiyi, iz qoyduğu bölgələrdir. Bütün cəbhə boyu son dərəcə təhlükəli tapşırıqlara rəhbərlik edən istehkamçı peşəkar zabit yüzlərlə döyüşçünü ölümün pəncəsindən xilas edir, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verir.

1993-cü ilin payızında Füzuli rayonu uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib, yaralı vəziyyətdə əsir düşsə də, düşmənin ağır işgəncələrinə məruz qalsa da, öz şərəfli ölümü ilə Azərbaycan zabitinin yenilməzliyinin simvoluna çevrilib. O, ulu öndər Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Köçvəli kənd orta məktəbi onun adınadır. Köçvəli kənd orta məktəbində və Ağstafa şəhərinin mərkəzində büstü qoyulub. Büstün qoyulduğu ərazidə yerləşən park onun adını daşıyır. Eyni zamanda, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində və Ağstafa rayonunun mərkəzində adına küçə verilib.

Oğlu Elvin Alıcanov: “Mən atamın üzünü görməmişəm. Həmin vaxt üç aylıq olmuşam. Yalnız onun dəfn mərasimini videolentlərdə seyr etmişəm. Fəxr edirəm ki, mənim atamın cənazəsi Azərbaycan Respublikasının Dövlət Bayrağına bükülüb və yaylım atəşləri altında Vətən torpağına tapşırılıb. Milli Qəhrəman övladı olmağımla fəxr edirəm”.

Rafiq Alıcanovun qəhrəmanlığından, keçdiyi həyat yolundan bəhs edən Güləmail Muradla Salatın Əhmədlinin "Vətən sağ olsun" şeir kitabı və Fəridə Ləmanın "Lalələr şəhid qanı" poeması işıq üzü görüb.

Bu il yanvarın 21-də Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasının “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində çəkilən sənədli filmlər də məhz bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.  Növbəti film Azərbaycanın Milli Qəhrəmanı Alıcanov Rafiq Cəfər oğlunun həyatına və Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş yoluna həsr edilib. “Oğuz elinin qəhrəmanı” adlı filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur. Milli Qəhrəman Rafiq Alıcanovun xatirəsinə həsr olunmuş “Oğuz elinin qəhrəmanı” adlı filmin ilk dəfə Qazaxda təqdimatı olub.

Vaxtilə Rafiqin qəhrəmancasına vuruşduğu və şəhid olduğu  torpaqlar bu gün azaddır. Tariximizə şanlı qırx dörd günlük müharibə və ya “Dəmir yumruq” əməliyyatı adı ilə daxil olmuş bu müqəddəs Vətən müharibəsində ordu və xalq Prezidentin ətrafında sıx birləşərək vəhdətləşdi. Vətən torpaqlarının azad olunması uğrunda aparılan bu döyüşlərdə Azərbaycan ordusunun nümayiş etdirdiyi döyüş əzmi və yüksək peşəkarlığı xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Düşmənin işğal etdiyi torpaqları azad edən qəhrəman əsgərlərimiz Şanlı Bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruta, Zəngilana, Qubadlıya, Ağdama, Laçına, Kəlbəcərə, Şuşaya  və yüzlərlə kənd və digər yaşayış məntəqələrimizə sancdı.

M.MİRZƏ,
“Respublika”.