Rahat uyu, igid əsgər
Region

Rahat uyu, igid əsgər

Hacıqabul rayonunda Vətən müharibəsi şəhidləri  Qubad İslam oğlu Zeynalovun və Mehdi Yalçın oğlu Şıxəliyevin xatirələri doğum günündə anıldı. Xatirə tədbirində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Şəhid Qubad Zeynalovun yaşadığı küçədə xatirə bulağının açılışı oldu, sonra şəhidlərin məzarları ziyarət edilib, məzarlar önünə gül dəstələri qoyuldu. Vətən müharibəsi şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açıldı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu xüsusi razılıq hissi ilə vurğulandı. Tədbir iştirakçıları şəhid Mehdi və Qubadın valideynlərinə başsağlığı verib onlara Allahdan səbir dilədilər. İgid övlad böyüdüb tərbiyə etdiklərinə görə təşəkkürlərini bildirdilər. Hər iki şəhidin döyüş yolu əsl qəhrəmanlıq nümunəsi olmuşdur.

Mehdi Yalçın oğlu Şıxəliyev göstərdiyi igidliyə görə “Qarabağ ordeni”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Qubad İslam oğlu Zeynalov  isə “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Tədbir iştirakçılarının hər birinin dilindən bu nidalar səsləndi; ”Rahat uyu, igid əsgər, xatirən ürəklərdə əbədi yurd salıb”.

                                  Tofiq HÜSEYN,

                                     “Respublika”.