Ramiz Rzayev: Məhkəmə sahəsində Türkiyə ilə sıx əməkdaşlıq edirik
Digər xəbərlər

Ramiz Rzayev: Məhkəmə sahəsində Türkiyə ilə sıx əməkdaşlıq edirik

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar aparılır. Keçən ildən bütün apellyasiya məhkəmələrində dəyişikliklər edilib. Ali Məhkəməyə yeni kadrlar təyin olunub. Sonuncu Fərmanla bağlı Ali Məhkəmənin aparatının strukturu yenidən qurulub. Məhkəmə sistemində böyük dəyişikliklər var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev sentyabrın 1-də Ankarada jurnalistlərə müsahibəsində deyib.

Bütün məhkəmələrdə audio və videoqeydiyyatın aparıldığını diqqətə çatdıran Ramiz Rzayev bildirib ki, bu tədbirlər məhkəmələrdə şəffaflığın təmin olunmasında mühüm rol oynayır.

Ümumiyyətlə, məhkəmə sistemində çox böyük islahatların aparıldığını vurğulayan sədr qeyd edib: “Bunun nəticələri göz qabağındadır. Vətəndaşların müraciətləri də, işlərin keyfiyyəti də bunu təsdiq edir. Bu, davamlı prosesdir. Əsas məqsədimiz qəbul etdiyimiz qərarların ədalətli və qanunauyğun olmasıdır”.

Azərbaycanın və Türkiyənin məhkəmə sistemləri arasında nümunəvi münasibətlərin olduğunu ifadə edən Ali Məhkəməsinin sədri deyib: “Neçə illərdir, Türkiyə ilə sıx əməkdaşlığımız var. Biz Türkiyənin, onlar da bizim təcrübədən bəhrələnirlər”.

Xatırladaq ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkədə səfərdədir.

Nümayəndə heyətinin səfərinin məqsədi Ankarada Türkiyə Respublikası Ali Məhkəməsinin və Baş Prokurorluğunun yeni inzibati bina kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak etməkdir.

AZƏRTAC