Rəcəb Tayyib Ərdoğanın qələbəsi ölkədə müxalifətin parçalanması ilə nəticələndi
Türk dünyası

Rəcəb Tayyib Ərdoğanın qələbəsi ölkədə müxalifətin parçalanması ilə nəticələndi

Türkiyənin 13-cü Prezidentinin müəyyənləşməsilə ölkədə siyasi mühitin dəyişəcəyi də dəqiqləşdi. Çünki Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun seçkidə məğlubiyyətindən sonra partiyasının daxilində hesablaşmalar başladı.

Sosial media hesabında paylaşım edən Bolu Bələdiyyə sədri Tanju Özcan Kılıçdaroğlunu istefaya çağırdı. Cümhuriyyət Xalq Partiyasının millət vəkili Mehmet Sevigen də "insanlar sənə inanmır" deyərək Millət İttifaqının vahid namizədini istefaya səslədi. Kılıçdaroğluna reaksiyalar təkcə öz partiyasından gəlmədi. Sadə vətəndaşlar da sosial şəbəkələrdə ona qarşı istefa kampaniyalarına başladılar. Ölkənin sənaye və texnologiya naziri Mustafa Varank da eyni mövqeyi sərgilədi. İlk turda prezidentliyə namizəd olan Muharrem İnce isə müxalifəti harda səhv etdiyini düşünməyə çağırdı. Kılıçdaroğlunun namizədliyini qəbul etməyərək masadan ayrılan, bir müddət sonra isə razı salınaraq ittifaqa geri dönən İYİ Partiyanın sədri Meral Akşener də bu məğlubiyyət üzərində düşünməyin lazım olduğunu dedi. Əksəriyyət Kılıçdaroğlunun müxalifətin təmsilçisi kimi çıxış etməsindən narazı olsa da, o, seçki məğlubiyyətindən sonra açıqlamada istefa deyil, davam mesajı verdi: "Cümhuriyyət Xalq Partiyası və Millət İttifaqı bütün cəbhələrdə mübarizə aparır. Ölkəmizə əsl demokratiya gələnə qədər biz bu mübarizənin öncüsü olmağa davam edəcəyik. Bu ölkə üçün nə etsək, azdır. Bilin ki, məyusluğumun əsas səbəbi ölkəni gözləyən daha böyük problemlərdir. Bilməyinizi istəyirəm ki, o sıxıntıların qarşısında ilk biz dayanacağıq".

Belə bir ziddiyyətli məqamda isə Cümhuriyyət Xalq Partiyası sədrinin gələcək aqibəti əsas gündəm mövzusuna çevrildi. Bu məqamda da bir-birinə əks fikirlər meydana çıxdı. Bir qisim düşünür ki, hər seçki uğursuzluğundan sonra məğlub olan namizəd və komandası dəyişsəydi, uzun illər ərzində nə Dəniz Baykal, nə də Kamal Kılıçdaroğlu o kresloda otura bilərdi. Yəni bundan sonra da indiyədək olduğu kimi müxalifət seçicilərinin ikinci versiyası olmayacaq, eyni partiyaya, eyni liderə səs verməyə davam edəcəklər. Bir müddət Kılıçdaroğlu hədəf kimi göstərilsə də, o, seçki zamanı qanunsuzluqların baş verdiyini iddia edəcək, iqtidarın səhvlərini gündəmə gətirərək özünə xal toplamağa çalışacaq, zamanla isə onun istefa məsələsi unudulacaq. Amma budəfəki məğlubiyyətin son nöqtə olduğunu düşünənlər də var. Bu fikrə əsasən, Kılıçdaroğluna qarşı onsuz da mövcud olan aqressiya daha da şiddətlənəcək və 6-lı masa onu Mansur Yavaş və ya Əkrəm İmamoğlu ilə əvəzləyəcək. Muharrem İncenin də müxalifətin vahid namizədi kimi meydana çıxması mümkün ehtimallar sırasındadır. Üstəlik, düşünsək ki, 5 il sonra keçiriləcək prezident seçkilərində Kılıçdaroğlu çox yaşlı olacaq, onda yeni fiqurların səhnəyə çıxması real görünür. Amma bu planın baş tutması üçün əvvəlcə adıçəkilən namizədlərin siyasi ambisiyalarını açıq şəkildə ortaya qoymaları lazım gələcək.

Kılıçdaroğlunun dəvəti ilə Millət İttifaqında olan 6 siyasi partiyanın lideri bir araya gələrək 1 saat 15 dəqiqə iclas keçirsə də, yekunda vahid açıqlama vermədən ayrıldılar və hər lider öz partiyasının mənzil-qərargahında çıxış etdi. Bu da "Millət İttifaqı parçalanarmı" sualını gündəmə gətirdi. Hazırda belə bir fikir formalaşıb ki, müxalifət partiyaları dəyişməyincə hakimiyyət də dəyişməyəcək və prezident seçkilərində məğlubiyyətin də başlıca səbəbi elə 6-lı masanın daxili qeyri-adekvatlığıdır. Çünki müxalifətin onurğa sütununu təşkil edən partiyaların ciddi problemləri var. Xalqların Demokratik Partiyası 2015-ci ildən bəri eniş tendensiyasındadır. Onlar bunu Demirtaş da daxil olmaqla, xeyli sayda siyasətçilərinin həbsdə olması ilə əlaqələndirsələr də, partiyanın PKK ilə əlaqələri səbəbindən imici zəifdir. İYİ Partiyada isə Akşener rəhbərliyi sağ kəsimin dəstəyini ala bilmir. Çünki onlar hələ də CHP-nin kölgəsində siyasət aparırlar. Millət İttifaqının tərkibindəki digər kiçik partiyalar isə ümumiyyətlə fəaliyyətsizdirlər. Odur ki, əgər 6-lı masaya daxil olan partiyalar ilk növbədə öz daxilində, daha sonra isə bir-birilə münasibətlərini yaxşılaşdırmasa, bu koalisiya süquta məhkum olacaq.

Millət İttifaqının partlamağa hazır bomba olduğu hələ səsvermələrə qədərki müddətdən məlumdur. Amma indiki prosesdə onun parçalanmasına dair güclü faktlar olsa da, ölkədə yaxınlaşan bələdiyyə seçkiləri bu prosesi təxirə sala bilər.

Ən yaxşı halda İYİ Partiyanın lideri Meral Akşener Kılıçdaroğlundan 6-lı masadakı digər kiçik partiyaları neytrallaşdıracaq yeni razılaşma tələb edə, bununla da, yenilik axtarışında olduğunu nümayiş etdirə bilər. Amma ümumilikdə, görünən odur ki, ittifaqdan ayrılacaqları təqdirdə, 10 ay sonra keçiriləcək yerli seçkilərdə uduzmaq ehtimalı güclü olduğundan müxalif partiyalar əsaslı dəyişiklikdən qaçacaq. Bununla belə, Ankara, İstanbul və digər böyük şəhərlərdə üstünlük əldə etdikləri 2018-ci il seçkilərindəki kimi son müxalifət üçün hazırda olduqca uzaq görünür.

Jalə QASIMZADƏ,

"Respublika".