Rəfiqə Hüseynzadə: Ekoloji dayanıqlı texnologiyaların tətbiqi sayəsində “yaşıl iqtisadiyyat
Ekologiya

Rəfiqə Hüseynzadə: Ekoloji dayanıqlı texnologiyaların tətbiqi sayəsində “yaşıl iqtisadiyyat"a keçid mümkün olacaq

SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 8-ci iclası çərçivəsində keçirilən "Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" sessiyasında iştirak edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edərək SOCAR-da iqlim dəyişmələrinə təsir edən qaz emissiyalarının azaldılması üzrə həyata keçirilmiş layihələr, Xəzər regionunda neft-qaz əməliyyatlarının ətraf mühitə təsirlərinin minimuma endirilməsi üzrə birgə əməkdaşlıq, dekarbonizasiya və aşağı karbonlu inkişaf strategiyası, enerji keçidi və alternativ enerji mənbələrindən istifadə sahəsində görülmüş işlər, habelə enerji daşıyıcısı kimi "mavi hidrogen" istehsalı və karbon neytrallığının təmin edilməsi üçün karbon qazının tutularaq, yeraltı strukturlarda saxlanması ("Carbon Capture and Storage" - CCS) kimi gələcəkdə planlaşdırılan innovativ layihələr haqqında iştirakçılara ətraflı məlumat verib.

R.Hüseynzadə çıxışı zamanı xüsusilə qeyd edib ki, ətraf mühitin mühafizəsi istiqamətində birgə əməkdaşlıq, ekoloji dayanıqlı texnologiyaların tətbiqi, habelə balanslaşdırılmış enerji keçidi sayəsində karbon neytrallığının təmin olunması və "yaşıl iqtisadiyyat"a keçid mümkün olacaq.

Tədbirin sonunda Nazirlərin 8-ci iclasının yekunlarına dair mətbuat konfransı keçirilib.

Xatırladaq ki, fevralın 4-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 8-ci toplantısı keçirilib.

Təbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz, Avropa Komissiyasının Enerji məsələləri üzrə Baş Direktorluğunun Enerji Siyasəti üzrə direktoru Kristina Lobilla Borrero, habelə ABŞ, Böyük Britaniya, İtaliya, Gürcüstan, Türkmənistan, Bolqarıstan, Albaniya, Serbiya, Macarıstan, Rumıniya, Şimali Makedoniya, Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina, Ukrayna və Moldovanın yüksək səviyyəli dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 8-ci iclası çərçivəsində "Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər - Balkan ölkələri də daxil olmaqla, Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına doğru genişləndirilməsi" və "Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" mövzularına həsr olunmuş plenar sessiyalar keçirilib.

AZƏRTAC