Regionda gedən proseslər yeni yanaşmalar tələb edir
Digər xəbərlər

Regionda gedən proseslər yeni yanaşmalar tələb edir

Dünyada baş verən proseslərin Cənubi Qafqaz regionuna birbaşa və ya dolayı yolla təsiri bölgədə yeni yanaşmaları zəruri edir. Bu kontekstdə əsas şərtlərdən biri Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalamasıdır. Azərbaycanın bu prosesdəki addımları nə qədər konstruktiv olsa da qarşı tərəf hələ ki, barışığı ləngidir. Bunun əsas səbəblərindən biri Ermənistanda revanşist qüvvələrin məğlubiyyəti qəbul etməməsidir. İrəvan sülh prosesini gecikdirməklə hələ ki, özünə ziyan vurur. Çünki apardığı işğalçılıq siyasəti ilə özünü regiondan təcrid edən İrəvan xarici ianə hesabına ayaqda durur. Lakin buna ayaqda durmağa çalışır, desək, lap doğru olar. Ermənistan yerləşdiyi coğrafi mövqeyə görə dörd ölkə ilə həmsərhəddir. Məlum olduğu kimi, Azərbaycan və Türkiyə ilə illərdir təmas qura bilməməsi iqtisadi baxımdan bu ölkəni çox geridə qoyub. Güclü iqtisadiyyata malik ola bilmədiyi üçün onu maliyyələşdirən dövlət və biznesmenlər ölkə idarəçiliyinə birbaşa təsiretmə gücünə sahibdir. Nikol Paşinyan özü də yaxşı anlayır ki, ölkəsinin inkişafı qonşu xalqlarla sülh və təhlükəsiz şəraitdə yaşamasından asılıdır və Azərbaycanla sülh müqaviləsinin imzalanmağı çox vacibdir ki, Nikol bunu da öz nitqində qeyd edib. Xatırladaq ki, bundan əvvəl də baş nazir belə bir fikir söyləmişdi, lakin sonrakı mərhələlərdə bunun söz səviyyəsindən irəli getmədiyinin şahidi olduq. Müşahidələrdən belə bir qənaətə gəlmək olar ki, Paşinyan əslində, böyük təzyiq altındadır. İlham Əliyevin "Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik" sözləri də Ermənistan baş nazirinin məsələlərə qeyri-obyektiv yanaşmasından irəli gəlir.

Xaricdən maliyyələşməni də bunun ən əsas səbəblərindən biri və hətta birincisi hesab etmək olar. Dünyada gedən soyuq müharibənin əsas rəqibləri olan kollektiv Qərb və Şərq bloku arasındakı mübarizə də bu ölkəni iki “daş” arasında qoyub. Əlbəttə ki, İrəvana edilən yardımların bir qarşılığı olmalıdır. Yardım edənlərin çoxunun Avropada yerləşən ölkələr və erməni biznesmenləri olduğunu nəzərə alsaq, Ermənistanın son illər Rusiyadan belə sürətlə uzaqlaşmasını da bu amilin təzahürü hesab etmək olar. Çünki neçə illərdir Rusiyanın təsiri ilə idarə olunan ölkədə bir inkişaf modelinin olmaması artıq erməni milyarderlərini də hiddətləndirib və bu ölkəni “bəsləməkdən” yorulublar.

Azərbaycan isə region və dünyaya baxış cəhətindən Ermənistandan çox fərqlənir, güclü iqtisadiyyata malik olduğundan azad şəkildə siyasət düsturunu planlı şəkildə həyata keçirir. Dövlət başçısı İlham Əliyevin isə yeni dünya nizamının yaradacağı mənzərəni öncədən təsəvvür edə bilməsi səbəbindən Azərbaycanı bu günlər üçün hazırladığını görmək olar. İlk növbədə Cənub Qaz Dəhlizi olan TANAP və TAP kimi meqa layihələrin icrası, ölkənin yol-nəqliyyat infrastruktunun inkişafı sanki həmin illərin ehtiyacı üçün deyil, bu günün tələblərinə görə qurulub. Kənardan sadəcə, sözlə ifadə olunan bu layihələr çox böyük çətinliklər hesabına reallığa çevrilib. Belə layihələrin baş tutması üçün təkcə təbii sərvətlərin zənginliyi, maliyyə imkanlarının olması yetərli deyil, həm də siyasi iradə lazımdır. Hələ Cənub Qaz Dəhlizinin çəkildiyi dövrdə Azərbaycana qarşı təzyiqlər var idi ki, dövlət başçısı İlham Əliyev bunların öhdəsindən gələrək yeni, Avropa bazarlarına çıxış əldə etdi. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan addımlar beynəlxalq aləmdə dəstəklənir və əslində aparıcı dünya ölkələri nə qədər ermənipərəst olsalar da birbaşa Azərbaycana təsir edə bilmirlər. Ermənistan və Fransadan fərqli olaraq ölkəmizin yürütdüyü siyasət beynəlxalq hüquq və normalara, mənəvi dəyərlərə, dünya dövlətləri tərəfindən qəbul edilmiş ədalətli prinsipə söykənir. Azərbaycan ilə Ermənistan arasında 30 ildən çox gedən isti və soyuq müharibə əslində, ədalət çərçivəsində həlli olan sadə bir məsələ idi ki, dünyanın fövqəldövlətləri də bunu həll etmək iqtidarında idi. ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində münaqişəni həll etməyə çalışan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzv dövlətindən 3-ü bu qrupda əsas vasitəçi rolunu aparırdı və Ermənistan kimi zəif bir ölkəni işğal olunmuş torpaqlarımızdan rədd edə bilərdi. Təkcə Qarabağ məsələsindən aydın olur ki, BMT TŞ-nin daimi üzvlərinin özləri beynəlxalq hüququn fundamental dəyərlərinə lazımi qiymət vermir. Peşələri sadəcə, sanksiya “monopoliyasını” əllərində saxlamaqdan ibarətdir ki, bu vasitə ilə maneə gördükləri hədəfləri sanksiyalarla təcrid edə bilsinlər. Bu qeyri-obyektiv idarəetməni ən çox qabardan Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan olub, ən gözəl ideyanı isə Azərbaycanın dövlət başçısı İlham Əliyev verib. Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” sözü bu təşkilatın üzvlərinin sayının artırılmasına ehtiyac olduğu deməkdir. Ölkəmizin başçısı BMT-ni tənqid etməklə yanaşı,  Təhlükəsizlik Şurasının say tərkibinin artırılmasına konkret təklif də verib. Say tərkibinə İslam Əməkdaşlıq Təşkilatından rotasiya üsulu ilə bir üzv, Qoşulmama Hərəkatına sədrlik edən ölkə və Afrika ölkələrindən birinin bu sıralara qoşulmasını məqbul hesab edir.

Musa BAĞIRLI,

“Respublika”.