Regionlarda aparılan abadlıq-quruculuq işləri Azərbaycanın iqtisadi gücünün təsdiqidir
İQTİSADİYYAT

Regionlarda aparılan abadlıq-quruculuq işləri Azərbaycanın iqtisadi gücünün təsdiqidir

Respublikamızın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi bu günlərdə bərpasının 30 illiyini qeyd etdiyimiz  müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir. Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətləri, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən biridir.

Düşünülmüş, qətiyyətli və uzaqgörən siyasət nəticəsində ölkəmiz ötən 18 ildə mühüm siyasi, iqtisadi, sosial uğurlara nail olub. Bu gün respublikamız sabit, davamlı və dayanıqlı inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Sözsüz ki, Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövləti məhz Azərbaycandır. Prezident İlham Əliyev isə çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevirmişdir. Bu istiqamətdə əldə olunan uğurlar Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Məhz bunun nəticəsidir ki, ölkəmiz regionun lideri, dünyanın isə söz sahibi olan dövlətlərindəndir.

Bu gün Azərbaycanda regionların inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və dövlət başçısının regionlara səfəri artıq ənənə halını alıb. Dövlət başçısının hər səfərində regionlarda görülən işlər qiymətləndirilir, ayrı-ayrı iqtisadi zonalar üzrə perspektivlər müəyyənləşdirilir və inkişafın davam etdirilməsi üçün yeni tədbirlər həyata keçirilir.

Bölgələrimizin müasir tələblərə uyğun inkişaf etdirilməsi, insanların rahatlığının təminatı, infrastruktur layihələrinin uğurlu icrası, şəhərlə kənd arasında fərqin aradan qaldırılmasına yönələn addımlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Atılan bütün addımlarda vətəndaş məmnunluğunun artırılması özünü qabarıq şəkildə büruzə verir. Həmçinin işğaldan azad edilmiş, ümumilikdə bütün bölgələrimizdə görülən işlər Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Zəfərimizin birinci ildönümünün sevincini yaşadığımız bu günlərdə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bölgələrimizə, o cümlədən İsmayıllı və Şamaxı rayonlarına  səfərləri  bir daha bu reallığı təsdiqləyir  ki,  dövlət başçımızın müstəqil  Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədi sadəcə sözdə  ifadə edilmir, konkret addımlarda öz əksini tapır.

Noyabrın 1-də dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı və Şamaxı rayonlarına səfərləri çərçivəsində Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olmuş, İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binasının, Şamaxıda "Azərişıq" ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin, 7 saylı körpələr evi-uşaq bağçasının, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin və digər sosial obyektlərin açılışlarında iştirak etmişlər. İsmayıllı və Şamaxı rayonlarına təkcə bir səfər çərçivəsində atılan addımlara diqqət yetirdikdə görülən işlərin miqyasının genişliyi fonunda regionların inkişafının dövlət siyasətinin əsasında dayandığı bir daha öz təsdiqini tapır.

Həmçinin, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması məqsədilə əsas diqqət yeni idmançı nəslinin yetişdirilməsinə yönəlib ki, yeni idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır. Həmin gün dövlət başçısı və xanımı 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionunun açılışında da iştirak ediblər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqətləri sayəsində dini ziyarətgahlarımız və məbədlərimiz də yenidən qurulur. Bu sahəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir. Fond istər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Pirsaat Baba ziyarətgahıdır. Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahı yalnız o bölgənin deyil, bütün ölkə vətəndaşlarının ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biridir. Şamaxılıların, eləcə də ölkə müsəlmanlarının müqəddəs məkan kimi qəbul etdiyi Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı  daha da yaddaqalan olacaqdır.

Xatırladaq ki, regionlarımızda görülən işlər işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə paralel şəkildə həyata keçirilir və reallaşdırılan quruculuq işlərinin bütün ölkəni əhatə etdiyi aydın nəzərə çarpır. Şamaxı və İsmayıllı rayonlarında sosial-iqtisadi layihələrin yüksək keyfiyyətlə gerçəkləşdirilməsi həm də Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsinin bariz ifadəsidir. Elə buna görədir ki, son illərdə respublikada əlverişli sahibkarlıq və biznes mühitinin formalasdırılması, işsizlik probleminin həlli nəticəsində əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı müsbət göstəricilər əldə edilir.

Uzun illərdir ki, regionların inkişafı ilə bağlı xüsusi Dövlət proqramları həyata keçirilir və bu proqramlar çərçivəsində regionlarımız abadlaşır, yeni kommunikasiya yaranır, yeni yollar çəkilir, yeni infrastruktur formalaşdırılır, məktəblər, xəstəxanalar, idman kompleksləri və digər sosial-mədəni obyektlər tikilir. Bütün bunlar regionlarımızın görkəmini büsbütün dəyişir. Regionlarımızda yerli xüsusiyyətlər nəzərə alınmaqla böyük layihələr həyata keçirilir.

Ötən müddətdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, neft gəlirlərinin iqtisadi inkişafına yönəldilməsi məsələsi xüsusi yer tutmuşdur. Ölkə başçısı cənab İlham Əliyev iqtisadiyyatın neft gəlirlərindən asılılığının yolverilməz olduğunu bildirməklə  yanaşı, qeyri-neft sektorunun daha çox regionlarda inkişaf etdirilməsi yolu ilə sosial və regional tarazlığın qorunmasına çalışmışdır. Dövlət proqramlarında öz əksini tapmış vacib istiqamət insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpası nəzərdə tutulmuşdur. Bu tədbirlər insan amilinin yüksəlişinə, mədəni-intellektual potensialın güclənməsinə zəmin yaratmışdır.

M.MİRZƏ,

"Respublika".