Regionların inkişafı Azərbaycanın gücünün göstəricisidir
İQTİSADİYYAT

Regionların inkişafı Azərbaycanın gücünün göstəricisidir

Son illər ölkəmizdə bir çox irimiqyaslı layihələr, bərpa-quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərlə yanaşı, digər bölgələrdə də sosial-iqtisadi inkişafın təmin edilməsi, yeni iş yerlərinin yaradılması və infrastruktur layihələrinin həyata keçirilməsi üçün genişmiqyaslı layihələr icra olunur.

Dekabr ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki və Oğuz rayonlarında səfərdə olublar. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən ölkə başçısı daha sonra Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Bundan başqa, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək zavodların və infrastruktur layihələrinin açılışı olub.

Prezident həmçinin ölkədə aparılan geniş bərpa-quruculuq işləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Şəki Xan məscidi kompleksində görülən işlərlə tanış olub. Tarixi Şəki Xan məscidində bərpa işləri 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmişdir. Ölkə əhəmiyyətli abidə siyahısında olan məscid xanlıqlar dövrünə (1745-1750-ci illər) aid edilir. Tarixi məlumatlara və üzərində qeyd edilən kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn xan tərəfindən inşa olunub. Məscidin yanında yerləşən qəbiristanlıqdakı əsas 13 qəbir xan nəslinin nümayəndələrinə aiddir. Qəbiristanlıqda yalnız xan nəslinin nümayəndələri dəfn olunduğundan "Xan qəbiristanlığı" adı verilib. Məscidin bərpası layihəsi 1981-ci ildə hazırlansa da, bu zamana kimi heç bir iş görülməmişdir. Bərpa işləri aparılarkən məscidin ilkin tikintisi zamanı yerləşdirilən pəncərələr və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı da bərpa edilmişdir. Memarların rəyi əsasında yerli memarlıq atributlarından olan şəbəkədən istifadə edilməklə pəncərələrdən ikisinin əvvəlki görüntüsü qaytarılıb. Məscidin tavanının fotosu olmadığı üçün Dövlət Turizm Agentliyinin və layihə rəhbərlərinin birgə qərarı əsasında Gödək minarə məscidi və Şəki Xan Sarayının tavanında olan şəbəkə quruluşu əsasında yeni tavan yığılmışdır. Binanın xarici və daxili divarları 1961-ci ilin fotoları əsas götürülərək bərpa olunub. Həyətdə olan köhnə hovuzun yerində isə yenisi inşa edilib. Məsciddə aparılan bərpa işləri zamanı, 2021-ci ilin iyun ayında mehrabın altı qazılan zaman böyük ölçülü sal daşlar aşkar edilmişdir. Bu səbəbdən də həmin ərazidə bərpa işləri dayandırılaraq Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparılmışdır. Ekspedisiyanın apardığı tədqiqatlar nəticəsində ərazidə qəbir olduğu aşkarlanmışdır. Məscid kompleksinin ərazisində Heydər Əliyev Fondunun dəstəyi ilə muzey də yaradılıb. Muzeydə Şəki xanlığına aid müxtəlif eksponatlar, ayrı-ayrı mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur.

Elə həmin gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəkinin "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində də aparılan təmir-bərpa işləri ilə tanış olmuşlar. Qoruğun ərazisində Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilindəki iki abidənin (Rəsm Qalereyası və qoruğun inzibati binası) bərpa işləri yekunlaşıb. Qeyd olunan hər iki abidə XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilib. XIX əsrdə inşa edilmiş və hazırda dövlət mühafizəsinə götürülmüş tarixi bina ənənəvi Şəki memarlığı üslubunda tikilib. Təəssüflər olsun ki, sovet dövründə bu binadan xəstəxana kimi istifadə olunub. Nəticədə binanın memarlıq irsi tamamilə pozularaq bir sıra əlavə və dəyişikliklər edilib. Hazırda isə bu memarlıq abidəsi tarixi memarlıq üslubunda bərpa və konservasiya edilir.

Azərbaycanın sürətli inkişafı bütün sahələrdə özünü büruzə verir. Təhsil ocaqlarının, uşaq bağçalarının yenidən qurulması, təmiri və bərpası istiqamətində də davamlı olaraq işlər görülür. Regionlarda olan uşaq bağçalarının yenidən qurulmasına müasir dövrümüzdə ehtiyac duyulduğundan bu sahədə də işlər sürətlənib. Uşaqların gələcək inkişafının ilkin bünövrəsi uşaq bağçalarında qurulduğundan bu müəssisələrə dövlət xüsusi diqqət və qayğısı göstərir. Bu işdə dövlətlə yanaşı, Heydər Əliyev Fondu da yaxından iştirak edir və öz töhfəsini verir. Fondun bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına və bu sahədə mövcud problemlərin əsaslı həllinə yönəldilmişdir. Azərbaycanın bir sıra rayonlarında Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən uşaq bağçaları müasir standartlara uyğun qurulur, maddi-texniki bazası gücləndirilir.

Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Şəki ilə yanaşı, Oğuz rayonuna da səfər etmişdir. Dövlət başçısı Oğuz rayonunda bir sıra iaşə müəssisələri ilə yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonunda "Aqroinkişaf 2017" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Şəki-Oğuz Aqroparkında yaradılan şəraitlə də tanış olub. Aqropark bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərəcək. Əsasən qoz, badam və zeytun bağları salınır və taxıl bitkiləri əkilir. "Aqroinkişaf 2017" MMC tərəfindən Azərbaycanda sənaye üsulu ilə qoz istehsalını həyata keçirmək üçün hələ 2017-ci ildən başlayaraq ABŞ-ın fermer təsərrüfatlarının və Avstraliyanın "Webster" şirkətinin təcrübəsi əsas götürülüb. Aqroparkda 2 min hektar ərazidə damcı suvarma sistemi qurulub, 3 meteostansiya, ofis binaları, fitolaboratoriya, ting istehsalı üçün soyuducu kameralar, mexanizasiya sahələri və anbarlar tikilib.

Artıq ərazidə min hektarlıq badam bağının salınması işlərinə başlanılıb. Hazırda 4 badam növü üzrə 160 hektardan ibarət bağ salınıb. İlin sonuna qədər bu rəqəmin 300 hektara çatdırılması nəzərdə tutulur. "Zirə Zeytun" şirkətinə ilk olaraq 2,6 ton zeytun satılıb. Eyni zamanda, burada kiçikhəcmli zeytun yağı emalı sahəsinin yaradılması nəzərdə tutulur. Həmçinin, 9 min hektar sahədə yüksəkkeyfiyyətli buğda istehsalı təşkil edilib. Digər lazımi qurğular tikilib və infrastruktur qurulub. Nəticədə, Aqroparkda ümumilikdə 160 nəfər daimi və 200 nəfər isə mövsümi iş yeri ilə təmin edilib. Təsərrüfat GPS qurğuları quraşdırılmış 31 traktor, 4 kombayn, müasir tipli 4 çiləyici, 55 müxtəlif qoşqu və avadanlıqlarla təmin olunub. Həmçinin, Prezident İlham Əliyev Oğuz rayonunda Şəki-Oğuz Aqroparkında yeni zavodun - qoz məhsullarının qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub. İki istehsal xətti yaradılacaq zavodun tikintisi üçün 4 hektar ərazi ayrılıb. Ümumilikdə isə, 2 min hektar bağdan ilkin olaraq 10 min ton qoz istehsal edilməsi nəzərdə tutulur. Bütün bunlar dövlətin iqtisadiyyatın inkişafına verdiyi töhfə, vətəndaşlara yaradılmış şəraitin nümunəsidir.

Ramidə YAQUBQIZI,

"Respublika".