Regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb
Siyasət

Regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb

Bölgələrimizdə aparılan abadlıq-quruculuq işləri Azərbaycanın iqtisadi gücünün  göstəricisidir

Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir. Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. Çıxışlarının birində "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var", - deyən dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilib.

2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq dövlət başçısı seçilən cənab İlham Əliyev ilk gündən ölkədə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoydu. Ölkə rəhbəri iqtisadiyyatın neft gəlirlərindən asılılığını yolverilməz hesab etməklə yanaşı, qeyri-neft sektorunun daha çox respublikanın bölgələrində inkişaf etdirilməsi yolu ilə sosial və regional tarazlığın qorunmasına çalışmışdır. Bu istiqamətdə bir çox işlər görülmüş və proqramlar icra olunmuşdur. Son 19 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramının icrası və dördüncünün icrasının davam etdirilməsi də görülən işlərin bir hissəsidir.

Regionlarda aparılan quruculuq, yenilənmə, abadlıq işləri vətəndaşlarımızda ölkəmizin daha gözəl, daha firavan olacağına inamı artırır. Bir yandan işğaldan azad edilmiş torpaqlarımızda gedən tikinti-quruculuq, digər tərəfdən bölgələrimizdə aparılan genişmiqyaslı işlər dövlət başçımızın bu məsələlərə diqqətinin, insanların rifahının yaxşılaşmasına olan münasibətinin göstəricisidir. Prezident İlham Əliyev verdiyi tapşırıqların icrasına da şəxsən nəzarət edir və diqqətdə saxlayır. Məhz bölgələrə səfərləri də bu məqsədi daşıyır.

Bu gün həyata keçirilən uğurlu iqtisadi siyasət regionların inkişafına da əhəmiyyətli təsir göstərir. Odur ki, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır.

Düşünülmüş, qətiyyətli və uzaqgörən siyasət nəticəsində ölkəmiz ötən 19 ildə mühüm siyasi, iqtisadi, sosial uğurlara nail olub. Bu gün respublikamız sabit, davamlı və dayanıqlı inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır.

Bölgələrimizin müasir tələblərə uyğun inkişaf etdirilməsi, insanların rahatlığının təminatı, infrastruktur layihələrinin uğurlu icrası, şəhərlə kənd arasında fərqin aradan qaldırılmasına yönələn addımlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. İşğaldan azad edilmiş, ümumilikdə bütün bölgələrimizdə görülən işlər Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanlarının təqdimatıdır.

Avqustun 12-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Ağsu rayonlarına səfərləri bir daha bu reallığı təsdiqləyir ki, dövlət başçımızın müstəqil Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədi sadəcə sözdə ifadə edilmir, konkret addımlarda öz əksini tapır.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı və Ağsu rayonlarına səfərləri çərçivəsində "Basqal Resort & Spa" otelinin açılışında iştirak etmiş, "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa, eləcə də Qobustan rayonunda "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Həmçinin, dövlət başçısı Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etmiş, "Ağsu Aqropark" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə maraqlanmışdır.

İsmayıllı və Ağsu rayonlarına təkcə bir səfər çərçivəsində atılan addımlara diqqət yetirdikdə görülən işlərin miqyasının genişliyi fonunda regionların inkişafının dövlət siyasətinin əsasında dayandığı bir daha öz təsdiqini tapır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqətləri sayəsində dini ziyarətgahlarımız və məbədlərimiz də yenidən qurulur. Bu sahəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz töhfəsini verir. Fond istər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır.

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində demişdir: "Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zamanda, məruzələr edilmişdir".

Onu da qeyd edək ki, regionlarımızda görülən işlər işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə paralel şəkildə həyata keçirilir və reallaşdırılan quruculuq işlərinin bütün ölkəni əhatə etdiyi aydın nəzərə çarpır. İsmayıllı və Ağsu rayonlarında sosial-iqtisadi layihələrin yüksək keyfiyyətlə gerçəkləşdirilməsi həm də Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsinin bariz ifadəsidir. Elə buna görədir ki, son illərdə respublikada əlverişli sahibkarlıq və biznes mühitinin formalasdırılması, işsizlik probleminin həlli nəticəsində əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı müsbət göstəricilər əldə edilir.

Regionların inkişafı ilə bağlı həyata keçirilən Dövlət proqramları çərçivəsində regionlarımız abadlaşır, yeni kommunikasiyalar yaradılır, yollar çəkilir, məktəblər, xəstəxanalar, idman kompleksləri və digər sosial-mədəni obyektlər tikilir. Bütün bunlar regionlarımızın görkəmini büsbütün dəyişir.

Beləliklə, görülən işlərin miqyasının genişliyi bir daha regionların inkişafının dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir.

Müşfiq MİRZƏ,

"Respublika".