REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT  PROQRAMI QAZAX-TOVUZ İQTİSADİ RAYONUNUN SÜRƏTLİ İNKİŞAFINA TÖHFƏ VERİR
Region

REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT  PROQRAMI QAZAX-TOVUZ İQTİSADİ RAYONUNUN SÜRƏTLİ İNKİŞAFINA TÖHFƏ VERİR

Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə respublika iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı idxaldan asılılığın minimuma endirilməsi, işsizliyin aradan qaldırılması, ixracyönümlü müxtəlif çeşidli məhsulların istehsalı, əhalinin maddi rifah halının yaxşılaşdırılması, regionların inkişafını təmin etmək üçün «Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları» təsdiq olunmuşdur.

Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strategiyanın həyata keçirilməsi Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur. İqtisadiyyatın istənilən sektorunda əsaslı islahatlar aparılmış, sosial-iqtisadi sahələrdə dinamik inkişaf müşahidə olunmaqdadır. 2004-cü ildən başlayaraq ölkədə hərtərəfli inkişafı təmin etmək üçün ilk dəfə «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı» (2004-2008-ci illər), növbəti illərdə 2008-2014, 2014-2018, 2019-2023-cü illər üzrə Dövlət proqramları qəbul olunmuşdur.

Qəbul olunmuş proqramların uğurlu icrası nəticəsində respublikanın hər yerində irimiqyaslı sosial və digər layihələrin həyata keçirilməsi təmin olunur. Özəl sektorun inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması üçün iri istehsal müəssisələri istifadəyə verilmişdir.

Ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin inkişaf etdirilməsi aparılan islahatlarda prioritet təşkil etmişdir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da çoxlu sayda yeni, müasir tələblərə cavab verən təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib və ya əsaslı təmir olunaraq xalqın istifadəsinə verilib. Əhalinin fasiləsiz enerji ilə təmin olunması üçün saysız-hesabsız iri layihələr həyata keçirilməkdədir.

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyi rayonlarda idarəetmənin müasirləşdirilməsi yüksək məhsuldarlığa zəmin yaratmışdır. Qəbul olunmuş proqramlara uyğun olaraq bölgələrdə aqrar sahənin dinamik inkişafını təmin etmək üçün bir sıra vacib tədbirlər həyata keçirilməkdədir. Bu sahədə çalışanlara göstərilən dövlət dəstəyi, verilən subsidiyalar, lizinq yolu ilə güzəştli qiymətlərlə fermerlərə kənd təsərrüfatı texnikalarının satılması, heyvanların cins tərkibini dəyişdirmək üçün süni mayalanmanın təşviqi bu sahədə əsaslı dönüş yaratmış, ilbəil kənd təsərrüfatı məhsulları istehsalının həcmində artıma zəmin yaratmışdır.

Son illərdə torpaqlardan səmərəli istifadə etmək üçün bir sıra meliorativ tədbirlər aparılmış, iritutumlu su anbarları yaradılmışdır. Beləliklə, aqrar sahədə çalışanların mövcud problemləri aradan qaldırılır. Bundan başqa, kənd təsərrüfatının innovativ metodlarla idarə olunması üçün yeni, müasir standartlara cavab verən aqroparklar yaradılması qəbul olunan proqramlarda öz əksini tapmışdır. Yeni yaradılan bu tip müəssisələr respublikada ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, bölgələrdə işsizliyin qarşısının alınmasında da mühüm əhəmiyyət daşıyır.

Yaradılan aqroparklar adətən uzun illər əkin üçün yararlı olmayan torpaqlarda meliorativ tədbirlər aparılmaqla yaradılır. Buna misal olaraq Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Tovuz rayonunun Ceyrançöl massivində yaradılmış «Tovuz Aqro» MMC-ni göstərmək olar. Məlumat üçün bildirək ki, əvvəllər adıçəkilən ərazidə əkin-biçin aparılmamışdır. Yağış suları Ceyrançöldə böyük yarğanlar yaratmışdı. Aparılan genişmiqyaslı meliorativ tədbirlər nəticəsində torpaqlar tamamilə hamarlanmış, əkinəyararlı vəziyyətə gətirilmişdir.

Əkin sahələri müasir «Pivot» suvarma sistemi ilə təmin olunmuşdur. Bu gün bu torpaqlardan inanılmaz məhsul əldə olunur. Hər hektardan 50-60 sentnerdən artıq məhsul toplanır. Müəssisə iribuynuzlu mal ətinin istehsalını və satışını həyata keçirir. Göründüyü kimi, bəslənən heyvanların yemə olan tələbatını müəssisə özü ödəmək iqtidarındadır. MMC-də 80 nəfərə yaxın işçi çalışır. Ümumiyyətlə, Tovuzda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün 2005-ci ildən başlayaraq bir sıra böyük layihələr həyata keçirilmişdir.

Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Şəmkir rayonu da qəbul olunan Dövlət proqramlarından yetərincə bəhrələnmişdir. Dövlət başçısının müvafiq sərəncamları ilə rayonda iqtisadiyyatın inkişaf etdirilməsi üçün bir sıra vacib obyektlər yaradılmışdır. Şəmkir çayı üzərində qurulmuş Şəmkirçay Su Anbarı ümumiyyətlə, respublikanın Qərb bölgəsində şirin suya olan tələbatın ödənilməsində böyük əhəmiyyətə malikdir.

Şəmkirçay Su Anbarı 2014-cü ildə istifadəyə verilmişdir. Anbarın ümumi tutumu sututumu həcmi 164,5 milyon kubmetrdir. Adıçəkilən anbar Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının suvarma suyuna olan tələbatının ödənilməsində mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Gəncə, Şəmkir və Samux rayonlarının bir hissəsinin içməli suya olan tələbatının ödənilməsinə töhfə verir.

Qeyd etdiyimiz kimi, «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası nəticəsində yeni müəssisələr yaradılmaqdadır. Respublikada ilk aqrar yönümlü «Şəmkir Aqropark» MMC-nin təməli 15 noyabr 2014-cü ildə dövlət başçısının Şəmkirə səfəri zamanı qoyulmuş, 20 avqust 2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur. Müəssisədə əsasən müxtəlif çeşidli ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal olunur. «Şəmkir Aqropark» müasir istehsal texnologiya avadanlıqları ilə təchiz olunmuş, hər il minlərlə ton çeşidlənmiş məhsul daxili bazarlarda bolluq yaratmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur.

Bölgələrdə yol infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Hazırda beynəlxalq əhəmiyyətli Gəncə, Qazax, Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qazax rayonuna qədər olan hissəsinin tikintisi başa çatmışdır. Yol çəkilişi uğurla davam etdirilir. Avtomobillərin hərəkəti yolda təmin olunmuşdur. Sözsüz ki, qeyd olunan avtomobil yolu bölgə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcəkdir. Bundan başqa, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun əsaslı təmiri başa çatdırılmış, beləliklə avtomobillərin rahat gediş -gəlişi təmin olunmuşdur.

2014-2018-ci illərdə «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində bu yol üzərində 3 ədəd, Ağstafa-Poylu-Düzqışlaq-Qazax avtomobil yolunun üzərində isə bir avtomobil körpüsü tikilib istifadəyə verilmişdir. Körpülər müasir standartlara tam cavab verir.

Bölgədə yeni təhsil müəssisələrinin tikintisi də geniş vüsət almışdır. Hazırda Qazax şəhərində 2 saylı tam orta məktəbin inşası başa çatdırılmışdır.

2020-ci il 3 mart tarixində Qazax şəhərində 147 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının tikintisi başa çatdırılmışdır. Rayonun kəndlərində də tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün yeni səhiyyə müəssisələrinin əsaslı təmiri və ya inşası davam etdirilir.

Ümumiyyətlə, son 15 ildə respublikanın Qərb bölgəsində təhsil sahəsində uğurlu layihələr həyata keçirilmişdir. Demək olar ki, Azərbaycan dövlətinin bu sahəyə xüsusi qayğısı nəticəsində köhnə, uyğunsuz məktəblər və məktəbəqədər müəssisələr tarixə qovuşmuşdur.

Rayonda aqrar sahənin inkişaf etdirilməsi üçün də yeni aqroparklar yaradılmışdır. Eyni zamanda, bir neçə sənaye müəssisələrinin yaranması da həyata keçirilmişdir. Son illərdə təkcə Qazax rayonunda «Qazax Sement zavodu»  MMC, «Qazax Konserv zavodu» MMC, «AzRosPromİnvest» MMC, «Gedik Carçı Qaynaq» LTD (Elektrod zavodu), «Azərxalça» ASC-nin Qazax filialı, «Saloğlu» fərdi firması, «Mətanət – A» şirkətinin Əhəng İstehsalı Zavodu və s. istifadəyə verilmişdir. Qeyd olunan müəssisələrdə istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur.

Sözsüz ki, yaradılan yeni müəssisələr bölgələrdə işsizliyin minimuma endirilməsində böyük əhəmiyyətə malikdir. Göründüyü kimi, «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın qəbul olunması respublikanın tərəqqisi, inkişafı, əhalinin maddi rifah halının yaxşılaşması və sahibkarlığın təşviqinə hesablanmışdır.

Vəli VƏLİYEV,

«Respublika».