Replika: Standart görüşlər, standart sözlər
Region

Replika: Standart görüşlər, standart sözlər

Son illərdə rayon icra hakimiyyəti başçılarının əhali ilə səyyar görüşləri sınaqdan keçmiş yaxşı ənənə halını alıb. Adamlarla canlı ünsiyyət, yerlərdəki çatışmazlıqların, problemlərin dilə gətirilməsi, açıq söhbət, müzakirə heç şübhəsiz ki,ümumi işin xeyrinədir. Müasir informasiya texnologiyaları imkan yaradır ki, elektron poçtdan adıçəkilən görüşlər barədə istənilən adam hər hansı məlumat əldə edə bilsin. Məsələn, Bakıda, yaxud dünyanın hansı nöqtəsindəsə yaşayan lerikli, qaxlı, qubalı elektron poçta daxil olub öz kəndində baş tutan səyyar görüşlər, bu görüşlərdə irəli sürülən məsələlər, deyilən tənqidlərin nəticələri barədə nəsə öyrənmək istəyir. Bura başqalarını da əlavə etmək olar.

Sosial şəbəkə hamı üçün açıqdır. Amma nəzər yetirdiyimiz bəzi rayonların həmin bu poçtlarında nə görürük? Cəmisi iki cümlə: “Filan kənddə görüş keçirildi, irəli sürülən təkliflərin bəzisi yerində həll olundu, başqa qismi nəzarətə götürüldü”. Vəssalam, standart görüşün standart sözləri.

Əgər elektron poçt varsa və bu poçta hər hansı bir informasiyanın yer alması əsas şərtlərdən biri kimi, yaxud vəzifə borcu kimi tələb olunursa, bu, yığcam cümlələrlə ətraflı şəkildə öz əksini tapmalıdır. Başlıcası - maraqlananlar ən azı həmin görüşlərin effekti, səmərəliliyi barədə məlumat əldə etməlidirlər. Qədimdən bir deyim var; hər iş öz nəticəsi ilə ölçülür. İndilikdə isə bu, yalnız “görüş xatirinə görüş” təsiri bağışlayır.

Tofiq HÜSEYN,

“Respublika”.