Rəqəmlər inkişafdan xəbər verir
İQTİSADİYYAT

Rəqəmlər inkişafdan xəbər verir

İlin ötən 6 ayı ərzində Qusar rayonunun sosial-iqtisadi inkişafına  dair makroiqtisadi göstəriciləri qənaətbəxş olmuşdur. İqtisadiyyatın ayrı-ayrı sahələrində rəqəmlər daha yüksəkdir. Bu barədə bir qədər geniş məlumat verən rayon Statistika İdarəsinin rəisi Abdulkərim Aşurov deyir: Cari ilin ötən 6 ayında rayonun iqtisadiyyatında xeyli irəliləyiş olmuşdur.  İlin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun istehsalı 2 dəfə, əsas kapitala yönəldilən investisiyalar 87,6, kənd təsərrüfatının ümumi məhsulu 43,3, poçt və rabitə xidmətlərinin həcmi 5,7, pərakəndə əmtəə dövriyyəsi 5,7, əhaliyə göstərilən ödənişli xidmətlər 5,6 faiz artmışdır.  Rayon iqtisadiyyatına  28,5 milyon manat həcmində investisiya yatırılmışdır.

Maddi istehsalın aparıcı sahələrindən biri olan sənaye rayon iqtisadiyyatının əsas hissələrindən birini təşkil edir. 2021-ci ilin yanvar-iyun aylarında rayon üzrə sənaye məhsulu istehsalı, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işinin qiymətləndirilməsi də nəzərə alınmaqla 10655,8 min manatlıq və ya ötən ilin müvafiq dövrünün səviyyəsindən 2 dəfə çox sənaye malları istehsal olunmuş və xidmətlər göstərilmişdir. İyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalmamışdır. Sənaye müəssisələrində 356 nəfər və ya keçən ilin müvafiq dövründəkindən 6,2 faiz çox işçi çalışmışdır. Orta aylıq əməkhaqqı 468,6 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövründən 1,0 faiz çoxdur.

Ötən 6 ayda müxtəlif mülkiyyət formasından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 28524,5 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 87,6 faiz çox investisiya yönəldilmişdir.

Tikinti-quraşdırma işlərində istifadə olunan investisiyaların da həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 85,2 faiz artaraq 28001,6 min manat olmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyaların 17579,6 min manatı və yaxud 61,6 faizi dövlət mülkiyyəti, 10944,9 min manatı və yaxud 38,4 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür.

Bütün maliyyə mənbələri hesabına 6707,0 kvadratmetr yaşayış evləri tikilib istifadəyə verilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 7,4 faiz çoxdur. Tikilmiş yaşayış evlərinin hamısı əhalinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. Yerinə yetirilmiş tikinti işlərinin 33,5 min manatını (0,4 faizini) əsaslı təmir, 8223,9 min manatını (90,6 faizini) cari təmir və 821,1 min manatını (9,0 faizini) sair işlər təşkil etmişdir. Tikinti işlərinin 746,4 min manatı və yaxud 8,2 faizi dövlət mülkiyyətində olan tikinti təşkilatlarının, 8332,1 min manatı və yaxud 91,8 faizi qeyri-dövlət mülkiyyətində olan tikinti təşkilatlarının payına düşür. Tikinti sahəsində fəaliyyət göstərən təşkilatlarda siyahı tərkibində olan işçilərin orta sayı  254 nəfər olmuş, onların orta aylıq nominal əməkhaqqı 400,0 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çox olmuşdur.   

Rabitə müəssisələri də 6 ay ərzində yaxşı işləmişlər. Bu müəssisələrin fəaliyyəti nəticəsində faktiki qiymətlərlə 616,6 min manat və yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çox gəlir əldə edilmişdir.

Rayonun sosial-iqtisadi inkişafını xarakterizə edən önəmli amillərdən biri olan ticarətin əsas göstəricilərinin xeyli dərəcədə yaxşılaşmasıdır. Son illərdə ticarətlə məşğul olan fiziki şəxslərin fəaliyyətinin daha da genişlənməsi və istehlak mallarının əksər hissəsinin ticarətin bu növü vasitəsilə satılması da bu sahənin inkişafına öz müsbət təsirini göstərmişdir. İstehlak bazarında əhaliyə 105400,0 min manatlıq pərakəndə qaydada istehlak malları satılmışdır.  Ticarət şəbəkələrindən əhaliyə 105400,0 min manatlıq istehlak malları satılmış, onun real həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5700,0 min manat və ya 5,7 faiz çox olmuşdur. Əmtəə dövriyyəsinin 10424,1 min manatı və yaxud 9,9 faizi hüquqi şəxslərin, 94975,9 min manatı və yaxud 90,1 faizi isə fiziki şəxslərin payına düşür. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlardan əhali 94975,9 min manatlıq istehlak malları almış, onun həcmi keçən ilə nisbətən 5475,4 min manat və yaxud 6,1 faiz artmışdır.

Rayonun bütün təsərrüfat  kateqoriyaları üzrə cari ilin məhsulu üçün 427 hektar sahədə yazlıq dənli paxlalılar, o cümlədən 74 hektar sahədə yazlıq arpa, 7 hektar sahədə vələmir, 112 hektar dən üçün qarğıdalı, 227 hektar lobya, 6 hektar sahədə noxud, 1 hektar sahədə isə mərci bitkisi əkilmişdir. Bundan  əlavə,  rayonda 2194 hektar kartof və 1444 hektar sahədə  isə açıq  torpaqlarda tərəvəz əkilmişdir.

Rayonda əkilmiş yazlıq bitkilərin 82,3 faizi əhalinin şəxsi yardımçı təsərrüfatlarına  məxsusdur. Biçin həyata keçirilmiş 151563 hektar buğda və 7925 hektar arpa sahəsindən 418300 sentner taxıl  götürülmüşdür. Taxılın yetişmə dövründə havaların əlverişli keçməsi məhsuldarlığın yüksək olmasına səbəb olmuşdur. Kifayət qədər taxılyığan kombaynların hazır vəziyyətdə olması məhsulun tez və itkisiz yığılmasına şərait yaratmışdır. İyul ayının 1-nə olan məlumata əsasən rayonda 907,9 ton kartof, 1876,7 ton tərəvəz və 2694,4 ton meyvə toplanmışdır. Hazırda məhsul yığımı davam  edir. Cari ildə rayonda 221 hektar cari  ilin çoxillik otları əkilmişdir. 

Ötən yarımildə diri çəkidə 2768,3 ton ət, 16107,3 ton süd, 5592,0 min ədəd yumurta istehsal olunmuşdur.

Cari  ilin 6 ayı ərzində 81 yeni  iş  yeri  açılmışdır ki, ondan 77 iş yeri  daimidir. Daimi iş yerlərindən 17 iş yeri yeni yaradılmış, 49 iş yeri mövcud, 11 iş yeri isə fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda açılmışdır. Ötən dövr ərzində 9 hüquqi və 459 fiziki şəxs qeydiyyatdan keçmişdir.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.