Rəşad Bayramov: Azərbaycanlı yanğınsöndürənlərin fədakarlığı sayəsində Muğlada alovun kəndlərə keçməsinin qarşısı alınıb
MÜSAHİBƏLƏR

Rəşad Bayramov: Azərbaycanlı yanğınsöndürənlərin fədakarlığı sayəsində Muğlada alovun kəndlərə keçməsinin qarşısı alınıb

Azərbaycanlı yanğınsöndürənlərin fədakarlığı sayəsində Muğlada alovun kəndlərə keçməsinin qarşısı alınıb.

Bu sözləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu rayon  yanğından mühafizə hissəsinin rəisi Rəşad Bayramov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Avqustun 11-də Köycəğiz rayonunda baş verən yanğınla bağlı danışan R.Bayramov deyib: “Bu gün səhər saatlarında bizə verilən məlumata görə Çogenli və Çöverli məntəqələrində güclü yanğınlar baş verib. Rəhbərlik tərəfindən verilən müvafiq göstərişlərdən sonra biz 30 maşınla bu əraziyə gəldik. Gördüyünüz bu sahədə üç istiqamətdə yanğın avtomobilləri yerləşdirilib. Yanğınsöndürənlərimiz bu ərazidə açıq alovla qarşılaşdı. Xüsusilə ən təhlükəli ərazi bizim dayandığımız məntəqə idi. Coğrafi mövqeyinə görə çətin olan bu relyefdə alovun qarşıdakı kəndlərə keçmə təhlükəsi var idi. Çətin relyefə baxmayaraq, bizim yanğınsöndürənlərimiz xilasedici kəndirlərlə başda mən olmaqla bu əraziyə endik. Alovun söndürülməsində 7 həlledici yanğın lüləsindən istifadə olunub. Bu yanğın lülələri vasitəsilə axşam saat 22 radələrindən səhər saat 5 radələrinədək biz yanğının söndürülməsinə nail olduq. Hazırda yanğının soyudulması işləri aparılır.

Bildiyiniz kimi yanğının yayılmasında əsas meyar küləyin olmasıdır. Bir neçə gündür ki, bu ərazilərdə güclü külək əsir”.

R.Bayramov onu da qeyd edib ki, Azərbaycan yanğınsöndürənləri ölkəmizdəki dağlarda belə əməliyyatlar apardığı üçün bu tip yanğınlarda böyük təcrübəyə malikdirlər.

AZƏRTAC