Bölgələr

"Rəşadət" ordenli igid döyüşçü

İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri doğum günündə şəhid Qədim Xəlilovun Hacıhətəmli kənd qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxuyublar.

Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və şəhid Qədim Xəlilovun şərəfli döyüş yolundan danışıblar. Daha sonra şəhidin ev-muzeyinə baxış keçirilib.

Xəlilov Qədim İlqar oğlu İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub. Kənd tam orta məktəbini bitirdikdən sonra İsmayıllı rayonu Peşə Tədris Mərkəzində təhsil alıb.

2020-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşüb. 2022-ci ilin fevral ayında MAHHXHQ əsgər kursuna daxil olub. Kursu bitirdikdən sonra MAHHXHQ əsgər kimi xidmətinə davam edib. 2022-ci il sentyabrın 14-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Sentyabrın 15-də şəhid doğulduğu Hacıhətəmli kəndində dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qədim Xəlilov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilib.

M.QULUYEV,

"Respublika"