Rəşadət və qəhrəmanlıq səhifəsi
Sosial həyat

Rəşadət və qəhrəmanlıq səhifəsi

Azərbaycan ordusunun qələbəsi ilə bitən Aprel döyüşlərindən yeddi il ötür. 2016- ildə baş vermiş dörd günlük müharibədə qəhrəman əsgər, gizir zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək ölkəmizin müzəffər ordusunun qüdrətini bütün dünyaya bir daha sübut etmişlər. Aprel döyüşləri zamanı şücaət göstərən qəhrəman oğullarımızdan biri qazi Sadiq Mirzəzadədir.

Mirzəzadə Sadiq Balaşirin oğlu 1994- ildə Lerik rayonunun Mastail kəndində, ziyalı ailəsində anadan olmuşdur. O, 2015-ci ilin oktyabr ayında Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Aprel döyüşləri Sadiq Mirzəzadənin həqiqi hərbi xidmətdə olduğu dövrə təsadüf etmişdir. Həmin anları belə xatırlayır: "Döyüşlər başlamazdan əvvəl əsgərlikdə bizim gündəlik hərbi döyüş əməliyyatları, taktiki hazırlıq dərsləri olurdu. Ermənilərin lap əvvəldən məqsədi Azərbaycanın əzəli torpaqlarında öz dırnaqarası dövlətlərini yaratmaq idi. Aprel döyüşləri bunun nəticəsində baş verdi. Düşmən Tərtər, Füzuli, Ağdam istiqamətində hücuma keçərək təxribat törətdilər. Ali Baş Komandanın göstərişi ilə bu təxribatların qarşısının alınması məqsədilə biz əks-hücum əməliyyatına başladıq. Talış Suqovuşan istiqamətində döyüşlərə başlayır. Azərbaycan ordusu bir sıra əhəmiyyətli yüksəklikləri düşmən işğalından azad etdi".

 Aprel döyüşləri zamanı top komandiri vəzifəsində xidmət edən Sadiq ordumuzun əzminin düşməni lərzəyə saldığını, hərbi toqquşmalar nəticəsində Talış yüksəkliyi, Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstanlı kəndi, Tərtər rayonunun Qazaxlı kəndi istiqamətində strateji yüksəkliklərin ələ keçirildiyini vurğulayıb, xatirələrini bölüşüb: "Hərbi xidmət müddətində insanın ailəsi eyni kazarmanı paylaşdıqları əsgər yoldaşları olur. Biz ailəmizdən ən dəyərliləri itirdik. Doğrudur, torpaq uğrunda qan tökməsək, Vətənin bütövlüyünü təmin edə bilməzdik. Əslində, onlar ölməyiblər, bu gün qəlbimizdə yaşayırlar. Talış istiqamətində gedən döyüşlərdə mən artilleriya zərbəsinə tuş gəlmiş yaralanmışdım. Yaxın döyüş yoldaşım özünü təhlükəyə ataraq həyatımızı xilas etmişdi".

Aprel döyüşlərində iştirak edən Sadiq İkinci Qarabağ müharibəsində iştirak edib. 44 günlük Vətən müharibəsinə yollandığı anları belə xatırlayır: "Təqribən gecə saat 1 idi. Mənə Hərbi Xidmətə Çağırış Səfərbərlik üzrə Dövlət Xidməti İdarəsinin Xətai rayon bölməsindən zəng gəldi. Bildirildi ki, siz Aprel döyüşlərində iştirak etmisiniz, hazır olun, növbəti dəfə Vətənin keşiyində durmağa yollanacaqsız. Sizinlə yenidən əlaqə saxlanılacaq. Elə oldu, saat 3 radələrində biz həmin idarəyə getdik, oradan da cəbhə xəttinə yola düşdük. Murovdağ, Talış, Suqovuşan Ağdərə istiqamətlərində döyüşlər başladı. Aprel döyüşlərində olduğu kimi, mən yenidən Talış kəndi istiqamətində döyüşlərə qoşuldum. Düşünürəm ki, bu da bir təsadüf idi".

Sadiq 44 günlük Vətən müharibəsinin sonuna qədər cəbhədə olmuş, unudulmaz anlar yaşamışdı: "27 saatlıq döyüşdən çıxmışdıq. Yağış yağırdı, yaralılarımız çox idi. Hücuma hazırlaşırıq. Sayımız da çox deyildi. Bir komandirim var idi, Şəkidən. Hazırda yaşayır. O mənə dedi ki, Sadiq, ağır yaralı olduğumu görsən məni vur. Dedim, elə bir şey danışma, çünki ola bilsin ki, mən səndən öncə şəhid oldum. Sonra elə gətirdi ki, o komandirimə heç olmadı. Bu gün biz əlaqə saxlayırıq. Hər dəfə müharibədəki xatirələrimizi yad edəndə o vaxt üzərimə çox ağır yük qoyduğunu deyir. Daha bir unuda bilmədiyim məqam dörd bacının bir qardaşı olan Məmmədov Əli adlı əsgərin ölümüdür. O, yaralı bir əsgəri xilas etmək üçün özünü önə atmış şəhidlik zirvəsinə ucalmışdı".

Aprel döyüşləri ilə ölkəmiz regionda maraqları olan dövlətlərə ermənilərin havadarlarına müzəffər ordumuzun qüdrətini bir daha sübut etdi. Dörd günlük müharibə məhz 4 ildən sonra 44 günlük Vətən müharibəsi ilə davam etdi. Nəticədə, 30 illik erməni işğalına son qoyuldu.

Nəzrin ELDARQIZI,

"Respublika".