Rəşadəti ilə əfsanəyə çevrildi
Region

Rəşadəti ilə əfsanəyə çevrildi

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Qələbəmizin qazanılmasında böyük payı olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Dadaşzadə Mahir Qərib oğludur. Mahir yaşasaydı 29 yaşını qeyd edəcəkdi.

Döyüş yolu hələ Aprel döyüşlərindən və 2020-ci ilin 12-16 iyulunda baş verən Tovuz döyüşlərindən keçən igidimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı düşmənə qarşı aparılan hərbi əməliyyatlarda əsl igidlik nümunəsinə çevrildi. Torpaqlarımızın, vətənimizin azadlığı uğrunda döyüşlərdə bir an belə geri çəkilməyən igidimiz oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dadaşzadə Mahir Qərib oğlu ölümündən sonra 3-cü dərəcəli "Rəşadət ordeni", "Vətən uğrunda", "Döyüşlərdə Fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidimizin doğum günündə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstənov aparatın məsul əməkdaşları, rayonun idarə müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşlarının iştirakı ilə Beyləqan Rayon Heydər Əliyev Mərkəzində anım mərasimi keçirildi. Dövlət Himni səsləndirildikdən sonra vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov tədbirdə Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Dadaşzadə Mahir Qərib oğlunun xatirəsinin daim əziz tutulacağını vurğuladı, Azərbaycan xalqı üçün igid, qeyrətli, mərd oğul böyüdən şəhid ailələrinə dərin ehtiramını bildirdi.

Şəhidin valideynləri və hərbçi yoldaşları qəhrəman Mahir Dadaşzadənin döyüş yolundan, şücaətindən, mərdliyindən söz açdılar və onun öz istəyi ilə hərbçi peşəsini sevib seçdiyini, sağlığında hərbi hissə rəhbərliyi və yoldaşları arasında dərin hörmət, nüfuz qazandığını, yüksək insanı keyfiyyətlərə malik olduğunu vurğuladılar. Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini, qazilərimizə, şəhid ailələrinə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər və Mahir Dadaşzadənin həyat yolundan bəhs edən videoçarx nümayiş olundu.

Ərəstun ABDULOV,

"Respublika".