Rəşadətli  döyüş yolu
Sosial həyat

Rəşadətli  döyüş yolu

44 günlük Vətən müharibəsi xalqımızın  sarsılmaz birliyinin, düşmənə nifrətin və böyük qələbəyə inamın bariz nümunəsi  idi. Mübariz ordunun sıralarında savaşa gedənlər, millətimizə tarixi zəfəri qazandıranlar isə xalqın qeyrətli, igid  və qorxmaz övladları oldular.

Göyçayın Yalman kənd sakini Kənan Siyaqif oğlu Qafarov  müqəddəs  şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdandır. Doğulduğu Yalman kəndində şəhid Kənan Qafarovun dünyaya göz açdığı gündə rayon rəsmiləri, doğma və əzizləri bir araya gəliblər. Göyçay Rayon İcra  Hakimiyyətinin başçısı M.Səlimzadə, ağsaqqallar, kənd sakinləri və dini qurumların nümayəndələri şəhidin  xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Kənanın təhsil aldığı Yalman kənd orta məktəbində davam edən tədbirdə qəhrəmanın keçdiyi döyüş yolundan, nümunəvi xidmətindən danışılıb. Sonra məktəbin giriş hissəsində şəhidin şərəfinə yaradılmış fotoguşəyə baxış keçirilib. Məktəbin şagirdləri tərəfindən ərsəyə gətirilmiş guşədə Qarabağ mövzusunda və Kənanla bağlı fotostendlər nümayiş etdirilib, aşağı sinif şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Qeyd edək ki, Göyçay rayonu Yalman kənd sakini Kənan Qafarov 2020-ci il oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Kənan Siyaqif oğlu Qafarov ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.

Qafarovlar ailəsi şəhid adına, onların doğmalarına  dövlət  tərəfindən göstərilən ehtiram, diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Maarif  RZAYEV,

“Respublika”.