RƏŞADƏTLİ OĞULLAR
Sosial həyat

RƏŞADƏTLİ OĞULLAR

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadəti Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən müharibəsində tarix yazan Qəhrəman ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Biləsuvar rayonundan, Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan İsayev Rahət Rafət oğlunun və Baloğlanlı Elşad Elşən oğlunun xatirəsi ehtiramla anıldı.

Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidlərin məzarını ziyarət edib üzərinə tər qərənfillər düzdülər. Ata ocağını ziyarət edib valideynləri ilə görüşdülər.

Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anıldı, bildirildi ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimiz bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Qeyd edək ki, tədbir zamanı şəhidlərin yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı da oldu.

İsayev Rahət Rafət oğlu 26 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2007-2018-ci illərdə M. Piriyev adına Əliabad kənd tam orta məktəbində təhsil alıb. Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin "Arxiv işi və Kargüzarlıq" ixtisasına qəbul olsa da, qiyabi təhsili seçib və 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Rahət İsayev 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə kəşfiyyatçı atıcı idi.

Azərbaycan Ordusunun əsgəri olan Rahət İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. R. İsayev noyabrın 6-da Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Noyabrın 18-də Biləsuvar rayonunda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Rahət İsayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Baloğlanlı Elşad Elşən oğlu 18 yanvar 2002-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdı. Vətən müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. E. Baloğlanlı 18 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elşad Baloğlanlı ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Ərəstun ABDULOV , 

"Respublika".