Revanşistlərin planları pozuldu
Digər xəbərlər

Revanşistlərin planları pozuldu

Son üç ilə yaxın bir dövrdə düşmən ölkə və onların havadarları üzərində qazanılan qətiyyətli qələbələr Azərbaycanın hərbi və diplomatik müstəvidəki gücünü göstərir, dövlətimizin başçısı İlham Əliyevin müdrik siyasəti, güclü lider mövqeyi nəticəsində bir vaxtlar hətta kölgəmizi qılınclayan bəzi dövlətlərin ölkəmizə münasibəti yaxşı mənada dəyişir, əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurulur. Düşmən ölkə isə ittihamlar və etirazlar burulğanında boğulur, özlərini dünyaya "demokratik Ermənistan" kimi sırımaq niyyətləri iflasa uğrayır, ermənilərin əsl iç üzü ifşa olunur.

5 il bundan əvvəl bir yaz günündə Gümrüdən başlanan yürüş İrəvanda böyük coşqu ilə qarşılandı və ermənilər Paşinyan və onun komandasını xalqın xilaskarı kimi qəbul etdilər. Erməni nəşrləri yazır ki, mitinqlər dövründə Paşinyanın xalqa müraciətində tez-tez işlətdiyi "Ermənistan Respublikasının xalqı, mən sənin qadan alım" ifadəsi isə artıq lətifəyə dönüb. Çünki o, xalqın qadasını nə aldı, nə də azaltdı, əksinə, xalqı yeni problemlərlə üz-üzə qoydu. Ermənistanı, Xankəndidəki separatçıları "süd gölündə üzdürən" dünya erməni lobbisi, ermənipərəst qüvvələr və daşnaklar uzun illər ərzində maliyyə yardımı ilə onları təcavüzə, işğala, azərbaycanlılara qarşı soyqırımı törətməyə təhrik edirlər. Ermənilər ağalarının əlində oyuncağa və alətə çevrilib, xəstə ideyaların daşıyıcıları olub, dəfələrlə Azərbaycanda terror hadisələri törədərək dinc insanları məhv edib yüzlərlə ailəni gözüyaşlı qoyublar. Erməni azğınlığı sərhəd tanımırdı, eyforiyaya qapılan erməni cəmiyyəti "yeni müharibə, yeni ərazilər" sifariş verirdi. Nəhayət, Azərbaycanın 30 il ərzində sülh danışıqlarına məhəl qoymayan qudurğan erməniləri dayandırmaq və məğlub etmək üçün zaman yetişdi. İki il yarım bundan əvvəl qəhrəman Azərbaycan Ordusunun bölmələri ermənilərin "məğlubedilməz" adlandırdıqları silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğalçılardan azad etdi. Bu qanlı döyüşlərdə təkcə erməni ordusu deyil, bəşəriyyət üçün təhlükəli olan ermənilik, qəddar, cəllad, qaniçən erməni faşizmi də məğlub edildi.

Dövlətimizin başçısı İlham Əliyevin sərhədlərimizə tam nəzarət edilməsi barədə qərarı, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan nəzarət-buraxılış məntəqəsi və Həkəri çayı üzərindəki körpünün üzərində dalğalanan üçrəngli bayrağımız, habelə, sərhədçilərimizin qətiyyətli və cəngavər görkəmi ermənilərin, revanşistlərin, onları qızışdıranların, dırnaqarası qisasçıların bütün planlarını boşa çıxardı. Azərbaycan cəmiyyəti bu ədalətli qərarı və tarixi hadisəni böyük sevinclə, fərəhlə, coşqu ilə qarşıladı, ermənilərin isə boş xəyalları daş dəymiş şüşə kimi çilik-çilik oldu. Ağdam şəhər poliklinikasının həkimi, Vətən müharibəsində ermənilərin yaşayış məntəqələrimizi raket atəşinə tutduğu zaman yaralanan həmyerlilərinə gecə-gündüz demədən tibbi yardım göstərən Bəhram Qurbanov Ermənistanla sərhəddə nəzarət məntəqəsinin qurulmasını dərin razılıqla və sevinclə qarşılayıb. Bəhram həkim deyir:

- Şərəfli qələbə ilə başa çatan Vətən müharibəsində ermənilərin faşist xislətinin bir daha şahidi olduq. Müzəffər ordumuzun bölmələri ilə döyüşə bilməyən düşmən yaşayış məntəqələrimizi bombalayaraq dinc insanları qətlə yetirdi. Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2020-ci il oktyabr ayının əvvəlində Ermənistan ərazisindən 3 dəfə taktiki-ballistik raket atəşinə tutuldu. Nəticədə çox sayda dinc sakin, o cümlədən uşaq və qadınlar həlak oldu, yaralandı. Gün ərzində Ağdam rayonunun kəndlərinə və Quzanlı qəsəbəsinə onlarla mərmi düşürdü, ermənilər ən çox xəstəxananı hədəfə alırdılar. Əlbəttə, bu insanlığa sığmayan beynəlxalq cinayətdir. Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması tarixi bir hadisə, həm də çox qürurvericidir. Artıq sərhədimizə nəinki terrorçu ermənilər, heç onların havadarları da yaxın gələ bilməyəcək. Möhtərəm Prezidentimiz İlham Əliyev bizə yenidən sevinc yaşatdı.

Füzuli şəhərindən keçmiş məcburi köçkün Aydın Fərəcov deyir:

- Ermənilərin bizə yaşatdığı müsibətə, üzləşdiyimiz çətinliklərə, yurd həsrətimizə Vətən müharibəsində şanlı ordumuzun qazandığı qələbə son qoydu. Ötən 27 il ərzində ailəmlə birlikdə bir neçə yerdə məskunlaşdıq, yiyəsiz qalmadıq, təntimədik, dövlətimiz həmişə yanımızda oldu, diqqət və qayğı ilə əhatə olunduq. Bir neçə il əvvəl möhtərəm Prezidentimiz və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağcabədidə istifadəyə verilən binada gözəl mənzillə təmin olunmuşuq. İndi doğma yurd yerlərimizə qayıtmağa hazırlaşırıq, sevinirik ki, evimizə dönəcəyik. Şükürlər olsun, 27 ildən sonra Prezidentimiz bizə həyatımızın ən böyük sevincini yaşatdı. Ermənilərin xəyanətinin dəfələrlə şahidi olmuşuq, onların törətdikləri işğal nəticəsində bizə maddi və mənəvi ziyan dəyib. Xankəndidəki separatçı və terrorçu ermənilərin gizli yolla silah, sursat daşımaları bir vətəndaş kimi məni narahat edirdi, Rusiya sülhməramlılarının onlara yardım etməsi isə qəbuledilməzdir. Sərhədimizdə qurulan nəzarət-buraxılış məntəqəsi xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək. Separatçıların arzuları kimi yolları da birdəfəlik bağlandı.

Rusiyalı politoloq İqor Korotçenko sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı bildirib ki, bu qərar üçtərəfli Bəyanatın müddəalarına, xüsusən onun altıncı maddəsinə tam uyğundur. Həmin maddədə deyilir: "Azərbaycan Respublikası Laçın dəhlizi üzrə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyini təmin edir". Sərhəd nəzarəti haqqında qərar revanşistlərin planlarının üzərindən xətt çəkdi. Qarabağın Azərbaycanın tam nəzarətinə qaytarılmasını heç kim dayandıra bilməz, bu, dönməz və öz-özlüyündə tarixi prosesdir. Ermənistanda nəşr olunan "Hraparak" qəzeti məlumat verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Hakop Aslanyan İrəvanda Azərbaycan bayrağını yandıran Aram Nikolyanı və onu dəstəkləyənləri sərt tənqid edərək bildirib ki, azərbaycanlılar həmişə ermənilərdən daha mədəni olub. Azərbaycan heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub. Bu gün isə bayraq yandıran bir axmağı alqışlamaq, vətənpərvər addım atdığını bəyan etmək gülüncdür.

Sözə qüvvət üçün deyək ki, ermənilər hələ çox gülünc vəziyyətə düşəcəklər, nə qədər ki, xəstə və çürük ideyalardan əl çəkməyiblər, nə qədər ki, üzərlərinə götürdükləri öhdəliklərə əməl etmirlər, qisasçılıqdan əl çəkmirlər, qonşu kimi yaşamaq istəmirlər, onda onların bircə yolu qalır: torpaqlarımızdan getməlidirlər.

Salman ALIOĞLU,

"Respublika".