Digər xəbərlər

"Roskomnadzor" Azərbaycan KİV-lərini bloklamaqla beynəlxalq prinsipləri pozur

Azərbaycanın jurnalist təşkilatları Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin (Roskomnadzor) ölkəmizin bır sıra KİV-lərini bloklaması ilə əlaqədar Rusiya Federasiyasının əlaqədar dövlət qurumlarına və beynəlxalq media ictimaiyyətinə müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir:

"Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) Azərbaycanın populyar və peşəkar KİV-lərindən olan "Oxu.az" xəbər portalının Rusiya Federasiyası ərazisində yayımına blok qoyub. Bu qərar saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən verilib. Bir müddət əvvəl isə analoji qərar Azərbaycanda fəaliyyət göstərən digər rusdilli saytlar - "Haqqin.az" və "minval.az" saytları barədə verilib. Növbəti günlərdə siyahının genişlənəcəyi gözlənilir.

"Roskomnadzor" Azərbaycan KİV-lərinin bloklanması qərarına rəsmi izahat vermək istəmir. Bilinən budur ki, qeyd edilən KİV-lər Rusiya-Ukrayna müharibəsi barədə müntəzəm olaraq informasiyalar yayır, müharibənin gedişatında Rusiya tərəfindən beynəlxalq normaların pozulduğunu ehtiva edən məlumatlar verirlər. Azərbaycan KİV-ləri özlərinin informasiya siyasətində reallığa söykənirlər, Rusiya-Ukrayna müharibəsini müşahidə legitim beynəlxalq təşkilatların hesabatlarına, o cümlədən rəsmi qurumlara istinad edirlər. Rusiya tərəfi reallıqların KİV müstəvisində görünməsindən narahatlıq keçirməməli, öz narahatlığını sosial şəbəkə platformalarının bloklanması, KİV qurumlarının yayımına məhdudiyyətlər tətbiq edilməsi formasında büruzə verməməlidir.

Nəzərə almaq lazımdır ki, insanların, o cümlədən rusdilli əhalinin həqiqəti bilmək kimi fundamental hüquqları var. "Roskomnadzor" rus dilində həqiqətləri yayan KİV-ləri, o cümlədən Azərbaycanın xəbər portallarını bloklamaqla söz azadlığını, plüralizm prinsiplərini pozur, demokratiyaya zidd hərəkətlər edir.

Qeyd etməyi zəruri sayırıq ki, Azərbaycan dövləti öz təhlükəsizliyi üçün vacib olan zamanlarda, hətta İkinci Qarabağ savaşı- 44 günlük müharibə - dönəmində də Rusiya KİV-lərinin bloklanmasını həyata keçirməyib. Baxmayaraq ki, Rusiyanın əksər KİV-ləri 44 günlük müharibə dövründə rəqib cəbhədə yer tutaraq Azərbaycana qarşı informasiya savaşı aparırdılar.

Bizlər Azərbaycan jurnalist təşkilatları olaraq Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə müraciət edərək, özlərinin yanlış qərarlarına yenidən baxmağa, Azərbaycan KİV-lərinə tətbiq edilmiş blokları aradan qaldırmağa çağırırıq. Eyni zamanda, beynəlxalq media ictimaiyyətinə müraciət edərək bildiririk ki, Rusiyanın yanlış, antidemokratik addımlarının dayandırılması üçün həmrəylik göstərməyə zərurət yaranıb.

İmzalayanlar:

1) Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri

2) Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

3) Yadigar Məmmədli, Demokratik Jurnalistlər Liqasının sədri

4) Ayaz Mirzəyev, Azərbaycan Jurnalistlər Şəbəkəsi

5) Elşad Eyvazlı, Parlament Jurnalistlər Birliyinin (Tərəfsiz Jurnalistlər İB) sədri

6) Fazil Abbasov, "İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətləri Jurnalistləri Assosiasiyası" İctimai Birliyi

7) Cəsarət Hüseynzadə, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi

8) Nadir Azəri, CASCFEN-in (Orta Asiya-Güney Qafqaz Söz azadlığı Şəbəkəsi) sədri

9) Seymur Verdizadə, Jurnalist Araşdırmaları Mərkəzi

10) Xalid Kazımov, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi.

AZƏRTAC