Rumıniya-Azərbaycan: qarşılıqlı etimada əsaslanan əməkdaşlıq
Siyasət

Rumıniya-Azərbaycan: qarşılıqlı etimada əsaslanan əməkdaşlıq

Azərbaycan Respublikasının xarici dövlətlərlə qurduğu əlaqələr ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına təkan vermişdir. Dövlət başçımızın yürütdüyü uğurlu siyasət dünya ölkələrinin Azərbaycanla tərəfdaş olmaq istəyini artırıb. Dövlətimizin tərəqqisini dəstəkləyən ölkələrdən biri də Rumıniyadır.

Azərbaycan-Rumıniya münasibətləri dövlətimizin müstəqilliyini yenicə bərpa etdiyi illərə təsadüf edir. Rumıniya 1991-ci il 11 dekabr tarixində Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. Daha sonra ölkələrimiz arasındakı münasibətlər genişlənərək 1992-ci ildə diplomatik əlaqələrin inkişafına öz töhfəsini vermişdir. Qarşılıqlı əlaqələrin təzahürü olaraq 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılmışdır. 1998-ci il iyunun 29-da "Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında" bəyannamə həm strateji, həm də tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş" və digər sənədlər dövlətlərarası münasibətlərdə körpü rolunu oynamışdır.

Xatırladaq ki, Rumıniya Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən işğalını kəskin şəkildə pisləmişdir. Ölkə, həmçinin keçmiş Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı rəsmi görüşə evsahibliyi etmişdir. İki ölkə arasındakı əməkdaşlıq özünü humanitar sahədə də bəlli etmişdir. 2001-ci ildən etibarən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə iki xalqın ədəbiyyat nümunələrindən 50-dən çox kitab Azərbaycan və rumın dillərində nəşr olunmuş, Buxarest şəhərinin Tey parkında Heydər Əliyevin və Bakı şəhərində tanınmış rumın bəstəkarı Corce Eneskunun büstləri ucaldılmışdır.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin bərpasında mühüm rol oynayan ölkələr sırasındadır. İttifaqa üzv olan ölkələr arasında enerji sahəsində mövcud əməkdaşlıq geniş perspektivlərə malikdir. Buna yüksək dəyər verən digər Avropa ölkələri kimi, Rumıniya da Azərbaycanı əsas tərəfdaş ölkə hesab edir. Hazırda Rumıniya ilə Azərbaycan arasındakı münasibətlər iqtisadi baxımdan da yüksələn xətt üzrə inkişaf edir. Müştərək Komissiya ölkələrarası əməkdaşlığın gücləndirilməsinə etibarlı zəmin yaradan aktlardan biri hesab olunur. Belə ki, Komissiyanın 2022-ci ilin iyunun 23-də Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticari-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə keçirdiyi altıncı iclasda münasibətlərin daha da genişləndiyi xüsusi vurğulanmışdır. Həmçinin, Prezident İlham Əliyevin ötən il dekabrın 17-də Rumıniyaya işgüzar səfəri olmuşdu. Səfər çərçivəsində dövlətimizin başçısı "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda iştirak etmişdir.

Qeyd edək ki, Rumıniya prezidenti Klaus Yohannis bu il fevralın 2-də Azərbaycana rəsmi səfərə gəlmişdir. Səfər çərçivəsində iki ölkə arasındakı münasibətlər müzakirə olunmuş, bundan sonrakı əlaqələrin yeni istiqamətlər açacağı bildirilmişdir. Dövlət başçımız mətbuata bəyanatında demişdir: "…Bir sözlə, biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Əminəm ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır".

Bütün bunlar Rumıniya-Azərbaycan arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələrinin birgə səylər nəticəsində bundan sonra da inkişaf edəcəyinə əminlik yaradır.

Nəzrin ELDARQIZI,

"Respublika".