Rumıniyada
İQTİSADİYYAT

Rumıniyada "SOCAR" brendli 66-cı yanacaqdoldurma məntəqəsi

SOCAR-ın Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsi fəaliyyətə (YDM) başlamışdır. "SOCAR" brendli yeni yanacaqdoldurma məntəqəsi Rumıniyanın şimalında, ölkənin Ukrayna və Moldova ilə sərhəddindəki Suceava regionundadır. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən 7-ci, ümumilikdə isə Rumıniya ərazisində istifadəyə verilmiş 66-cı "SOCAR" brendli YDM-dir.

Yeni məntəqədə quraşdırılmış 3 sayğac eyni anda 4 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin yanacaqla təmin olunmasına imkan verir. Məntəqədə "NANO 95" və "NANO 98" (benzin), "NANO Dizel" və "NANO Super Dizel" tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Bundan başqa YDM maye qaz (LPG) və "Adblue" (dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması məqsədilə istifadə olunur) yanacaqları ilə də təchiz edilmişdir.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış "SOCAR Petroleum SA" şirkəti vasitəsilə həyata keçirir.

 

Banklarda qiymətli kağızlara investisiyalar yüksəlib

2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində qiymətli kağızlara investisiyalar aktivlərinin həcminə görə Azərbaycanın 5 ən böyük bankından 3-də artıb, 2-sində isə azalıb.

Mərkəzi Bank hesabatında xəbər verir ki, qiymətli kağızlara investisiyaları ən çox Kapital Bank artırıb. 2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində qiymətli kağızlara investisiyalar Kapital Bankda 393 milyon 711 min manat artaraq 30 sentyabr 2021-ci il tarixində 1 milyard 29 milyon 267 min manata çatıb. Bankın qiymətli kağızlara investisiyaları 2020-ci ilin sonunda 635 milyon 556 min manat təşkil etmişdi. PAŞA Bankın qiymətli kağızlara investisiyaları 2021-ci ilin 9 ayı ərzində ötən ilin sonu ilə müqayisədə 211 milyon 577 min manat artaraq 1 milyard 767 milyon 731 min manata çatıb. Bankın 2020-ci ilin sonunda qiymətli kağızlara investisiyaları 1 milyard 556 milyon 154 min manat təşkil etmişdi. Azərbaycan Beynəlxalq Bankının qiymətli kağızlara investisiyaları 2021-ci ilin 9 ayı ərzində ötən ilin sonu ilə müqayisədə 53 milyon 754 min manat artaraq 1 milyard 321 milyon 730 min manata yüksəlib. Bankın 2020-ci ilin sonunda qiymətli kağızlara investisiyaları 1 milyard 267 milyon 976 min manat təşkil etmişdi.

Qeyd edək ki, banklar daha çox dövlət istiqrazlarına və Mərkəzi Bankın notlarına investisiya yatırırlar.

Bəybala BƏYBALAYEV,

"Respublika".