Rumıniyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Siyasət

Rumıniyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Oktyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Vasile Soarenin etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan və Rumıniya arasında mövcud olan sıx əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərini qeyd edən nazir ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi potensialını vurğulayıb və bu xüsusda birgə səylərə ehtiyac duyulduğunu qeyd edib. Nazir ölkələrimiz arasında, həmçinin beynəlxalq platformalarda əməkdaşlığın həyata keçirildiyini məmnunluqla bildirib.

Daha sonra nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, münaqişənin həllindən sonra yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə mövcud olan mina təhlükəsindən bəhs edib. Görüşdə işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla münasibətlərin normallaşdırılmasının mümkün olduğu və bunun üçün, ilk növbədə, üçtərəfli bəyanatların icrasına tam riayət olunması, kommunikasiyaların açılışı, habelə delimitasiya prosesinə başlanılmasının vacib olduğu vurğulanıb.

Səfir Vasile Soare iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə istinad edərək, bu münasibətləri həqiqi tərəfdaşlıq kimi dəyərləndirib. O, ikitərəfli münasibətlərin əsasında beynəlxalq hüququn ərazi bütövlüyünə hörmət prinsipinin dayandığını və bunun Rumıniyanın prinsipial mövqeyi olduğunu bildirib. Səfir iki ölkə arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən siyasi dialoqun davam etdirilməsi, iqtisadi, energetika, bağlılıq, eləcə də mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi perspektivlərindən bəhs edib.

Tərəflər bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini və bu xüsusda, mövcud imkanlardan tam istifadə olunması qətiyyətini ifadə ediblər.

AZƏRTAC