Rusiya və Azərbaycan Baş prokurorluqları arasında ikitərəfli münasibətlər uğurla davam etdirilir
Digər xəbərlər

Rusiya və Azərbaycan Baş prokurorluqları arasında ikitərəfli münasibətlər uğurla davam etdirilir

Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşları Həsənli Gündüz Rəhil oğlunun və Şahsuvarov Elnur Çingiz oğlunun ekstradisiyası haqqında qərarlar qəbul edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şirvan şəhər prokurorluğunun icraatında olan cinayət işi üzrə G.R.Həsənli tərəfindən "Bolluq LTD" MMC-nin Şirvan şəhər filialında satış təmsilçisi vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin MMC-nin anbarından ticarət obyektlərinə paylanması üçün götürdüyü ərzaq məhsullarının satışından əldə edilmiş pul vəsaitlərinin mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 179.2.3. və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 2021-ci il 6 oktyabr tarixdə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan edilib. Gündüz Həsənli bu il martın 21-də Rusiya Federasiyasının Moskva şəhərində müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

E.Ç.Şahsuvarov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib. Elnur Şahsuvarov 2020-ci il oktyabrın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində müəyyən edilərək həbs olunub.

İyunun 24-də G.R.Həsənli və E.Ç.Şahsuvarov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyadan Azərbaycana gətirilib.

AZƏRTAC