Rusiya XİN Avropa İttifaqının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına dair bəyanat verib
Digər xəbərlər

Rusiya XİN Avropa İttifaqının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına dair bəyanat verib

Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda iki il müddətinə Aİ-nin yeni mülki missiyasının yaradılması barədə qərar qəbul edib. Aİ-nin iştirakının konkret parametrləri yaxın vaxtlarda müəyyən olunacaq. Lakin artıq görünür ki, o, ötən ilin oktyabrından dekabrınadək Ermənistanda fəaliyyət göstərən Aİ müşahidəçi mexanizmindən daha miqyaslı olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda Rusiyanın məsələ ilə bağlı prinsipial mövqeyi barədə qeyd olunub: "Cənubi Qafqazda regiondan kənar amilin möhkəmləndirilməsinə münasibətdə Rusiyanın prinsipial mövqeyi dəyişməyib. Aİ "ekspert"lərinin Ermənistan-Azərbaycan sərhədi ərazisində baş verən hadisələrə nəzarət etməsinə "əlavə dəyər" verməyə ehtiyac görmürük. Əgər Brüsseldə Cənubi Qafqazda sülhə həqiqətən maraqlı olsaydılar, o halda öz missiyalarının fəaliyyət şərtlərini Azərbaycan ilə razılaşdırardılar.

Kökündən dəyişərək ABŞ-ın və NATO-nun törəməsinə çevrilən Avropa İttifaqının nümayəndələrinin Ermənistanın sərhədyanı ərazilərində peyda olması və MDB məkanında qarşıdurma siyasəti yürütməsi regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri gərginləşdirə bilər. Aİ missiyasının bəyan edilmiş mülki mahiyyəti aldadıcı olmamalıdır. O, Avropa İttifaqının təhlükəsizlik və müdafiə sahəsində ümumi siyasəti çərçivəsində bütün bunlardan irəli gələn nəticələr əsasında formalaşdırılır".

Bəyanatda Rusiya missiyasının əhəmiyyətli roluna toxunularaq bildirilib: "Aİ-nin nəyin bahasına olursa-olsun Ermənistanda mövqeyini möhkəmləndirmək, Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq cəhdləri ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafı ilə bağlı köklü maraqlarına zərbə vura bilər. "Əminik ki, regionda yaxın gələcək üçün sabitliyin və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli Bəyanatına əsasən yerləşdirilən Rusiya sülhməramlı kontingenti, eləcə də Ermənistan sərhədlərində xidmət edən rusiyalı sərhədçilərdir. Onlar Aİ-nin müşahidəçilərinin davranışına vəziyyətin "yerində" gedişatı nəzərə almaqla reaksiya verəcəklər".

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında Ermənistanın Aİ-nin xeyrinə seçim etdiyi də vurğulanıb: "Biz müəyyən edirik ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası istiqamətində işi məntiqi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyi üstün tutublar. Əgər erməni müttəfiqlərində KTMT-nin potensialından istifadə etmək marağı qalıbsa, o halda onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər. Əvvəlki kimi hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr və 2022-ci il 31 oktyabr tarixli üçtərəfli bəyanatlarının müddəalarının qeyd-şərtsiz və ardıcıl həyata keçirilməsi, o cümlədən bütün nəqliyyat və iqtisadi əlaqələrinin bərpa olunması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin parametrlərinin razılaşdırılması, ictimaiyyət, ekspert dairələri və parlamentarilər arasında üçtərəfli əlaqələrin inkişaf etdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və bütövlükdə regionda vəziyyətin yaxşılaşdırılması üçün ən sabit və uzunmüddətli əsasdır. Rusiya bu məsələdə hər cür kömək etməyə hazırdır".