Rusiyalı politoloqlar: Cənubi Qafqaz bir ildir yeni reallıqlar mühitində yaşayır
MÜSAHİBƏLƏR

Rusiyalı politoloqlar: Cənubi Qafqaz bir ildir yeni reallıqlar mühitində yaşayır

Cənubi Qafqaz bir ildir yeni reallıqlar mühitində yaşayır. Bu reallıqların regiona dayanıqlı sülhlə bərabər, dinamik iqtisadi inkişaf gətirəcəyinə böyük inam var. Şuşada müşahidə etdiklərimiz onu deməyə imkan verir ki, Azərbaycan bölgədə sülh yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini uğurla aparır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşaya səfərlərinin təəssüratları ilə bağlı keçirilən mətbuat konfransında Rusiya Federasiyasından olan politoloqlar səsləndiriblər.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko, Rusiya Federasiyasının Əməkdar həkimi, Rusiya Federasiya Şurası sədrinin keçmiş müavini və LDPR-dən Dövlət Dumasının deputatı, parlamentin müdafiə və digər məsələlər Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyovdan ibarət nümayəndə heyəti iki gün ərzində Şuşa şəhərinə səfər edib, Azərbaycanın qədim mədəniyyət mərkəzində, 29 ilə yaxın erməni işğalında qalan bu şəhərdə gedən quruculuq işləri ilə tanış olublar.

Mətbuat konfransını açan Sergey Markov Qarabağa səfərin məqsədinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməklə bərabər, burada postkonflikt vəziyyətlə yaxından tanış olmaq olduğunu bildirib. Nümayəndə heyətinin Şuşada olduğu gün erməni tərəfin törətdiyi təxribatın şahidi olduğunu deyən Sergey Markov terrora dəstək verən qüvvələrin regionda sülh yaranmasında maraqlı olmadığını diqqətə çatdırıb. Bu cür aktların Laçın dəhlizinin bağlanmasına gətirib çıxara biləcəyini deyən S.Markov belə olacağı təqdirdə, məsuliyyətin qarşı tərəfin daşıyacağına şübhə etmədiyini vurğulayıb. Dünyanın İlham Əliyevin siyasi müdrikliyinə inandığını bildirən politoloq XXI əsrin müharibəsindən qalib çıxan Silahlı Qüvvələrin Ali Baş Komandanının sərkərdəlik keyfiyyətlərinin yüksək qiymətləndirildiyini bildirib.

AZƏRTAC