Ruslan Polovinko
Sosial həyat

Ruslan Polovinko

Birinci Qarabağ savaşında, Azərbaycan torpaqlarına yağılar göz dikəndə, faşist xislətli daşnaklar öz havadarlarının köməyi ilə mənfur niyyətlərini həyata keçirəndə, vətənin taleyi təhlükədə olanda qeyri-millətdən olan hərbçilər də silaha sarıldı, erməni işğalçılarına qarşı mərdliklə vuruşdu. Yurdumuza qara əllər uzananda, kənd və qəsəbələrimiz güllə yağışına tutulanda idarə etdiyi vertolyot ilə yağı düşməni vəlvələyə salanlardan biri də əslən ukraynalı Polovinko Ruslan Aleksandroviç oldu. O, Azərbaycanın hər qarış torpağını böyük məhəbbətlə sevirdi. Mavi Xəzərin nəğməli sahillərini seyr etməkdən zövq alırdı...

Adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Ruslan Polovinko 21 oktyabr 1969-cu ildə Xarkov vilayətinin Zmiyev şəhərində mühəndis ailəsində dünyaya göz açmışdı.

Ruslan Polovinko 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuş, ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra - 1991-ci ildə Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəyə göndərilmişdir. O, xidmətini Hərbi Hava Qüvvələrinin Bakı Əlahiddə Vertolyot Eskadrilyasında təyyarəçi-operator vəzifəsində davam etdirmişdir.

Ruslan peşəsini ürəkdən sevirdi.

O, 1992-ci ildən başlayaraq erməni hərbi birləşmələrinə qarşı keçirilən əməliyyatlarda fəal iştirak etmişdir. Bu, danılmaz bir faktdır ki, Azərbaycana qarşı keçirilən döyüş əməliyyatlarında erməni daşnakları ilə yanaşı, xarici ölkələrdən gətirilmiş muzdlular da iştirak edirdi. Bu faktı dünya ictimaiyyətinə sübut etmək lazım idi. Məhz Ruslanın sayəsində həmin quldurların cəsədlərini ələ keçirmək mümkün olmuşdu.

Səma qartalı, təcrübəli təyyarəçi Ruslan Polovinko Laçın, Ağdərə uğrunda gedən ağır döyüşlərdə düşmənin başına od ələyir, əməliyyatı uğurla həyata keçirmək üçün həmişə lazımi mövqelər seçirdi.

6 avqust 1992-ci ildə Kasabet yüksəkliyində özünə mövqe seçən ermənilər piyada döyüşçülərimizi çətin vəziyyətə salmışdı. Bundan xəbər tutan səma qartalları bir anda havaya qalxdılar. Mİ-24 vertolyotunda üç dəfə təhlükəli zonaya uçuş keçirən cəsur şahinlər düşmənin mövqelərini darmadağın etdilər, haylara ağır zərbələr endirildi. Onların döyüş planları alt-üst edildi. Bacarıqlı Azərbaycan vertolyotçuları atəş altında yaralıları, cəsədləri çıxarmağa müvəffəq oldular. Dördüncü uçuşda vertolyot düşmən tərəfindən atəşə tutuldu. Bu, onların son uçuşu oldu. Həmin gün vertolyotun bütün heyəti - Z.Məcidov, S.Rəhimov və Ruslan Polovinko qəhrəmancasına həlak oldular.

Ruslanın son mənzili doğulduğu Zmiyev şəhərindəki qəbiristanlıq oldu.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı Fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Xarkovdakı Ruslan Polovinkonun uyuduğu məzar bu şəhərdəki soydaşlarımızın and yerinə çevrilmişdir. Onun xatirəsi həmişə anılır, məzarı üstünə qərənfillər düzülür...

Qədir ASLAN,

"Respublika".