Saatlı: Dədə Qorqud kəndində görüş
Region

Saatlı: Dədə Qorqud kəndində görüş

Bu kəndin maraqlı tarixi var. Əvvəllər "Bayramovka" adlanan yaşayış məntəqəsində əhali uzun müddət kəndin adının dəyişdirilməsi barədə əlaqədar təşkilatlara müraciət etmişlər. 1999-cu ildə Azərbaycan Milli Məclisinin qərarı ilə əhalinin istəyinə uyğun olaraq kəndə Dədə Qorqud adı verilmişdir. Əkinçilik və heyvandarlıqla məşğul olan dədə qorqudlular halal ruzunu əllərinin zəhməti ilə qazanırlar. Hazırda kənddə 2348 nəfər əhali yaşayır.

Bu günlərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovla Dədə Qorqud kənd sakinlərinin görüşü keçirildi. Görüşdə görülən işlərlə yanaşı, problemlər də dilə gətirildi. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.

Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamladı, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verdi.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Əlişan Gülüşov, Əlnizam Hüseynov, Təyyar Mirzəyev və başqaları kəndlərinin mövcud problemlərindən söz açdılar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapdı, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verdi.

Tofiq HÜSEYN,

"Respublika".