Saatlı rayonunda qohumuna saxta əlillik pensiyası düzəldən baş həkimə qarşı cinayət işi açılıb
Digər xəbərlər

Saatlı rayonunda qohumuna saxta əlillik pensiyası düzəldən baş həkimə qarşı cinayət işi açılıb

Saatlı Rayon Mərkəzi Xəstəxanasında saxta əlillik dərəcəsinin verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin xəstəxananın direktorunun müavini - baş həkimi işləyən Adəm Əliyevin baş-beyin qan dövranının pozulması xəstəliyinə görə müavinət almaq üçün ona müraciət edən qohumuna kömək etmək məqsədilə xəstəxananın digər vəzifəli şəxsləri ilə birlikdə əlbir olaraq sonuncunun adına tibbi sənədləri saxtalaşdırdığı müəyyənləşdirilib. Belə ki, o, əmək qabiliyyətinin olmaması barədə vərəqələrində göstərilən xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə edilmədiyi halda bununla bağlı bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxsə 2019-cu il iyunun 1-dən dekabrın 31-dək Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 2976 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq hərəkətləri aparılır.

AZƏRTAC