Saatlının abad kəndi-Əlisoltanlı
Region

Saatlının abad kəndi-Əlisoltanlı

Saatlı rayonunun ən iri və abad yaşayış məskənlərindən biri də Əlisoltanlı kəndidir. Kənd Bakı-Horadiz yolunun kənarında, Araz çayının sağ sahilində, Muğan düzündə yerləşir. Kəndin adının Əlibəy Sultanın (İlisu sultanı) adı ilə bağlı olması ehtimal edilir. Rayonun Potubəyli və Bəylər kəndləri ilə həmsərhəddir. Əlisoltanlı kəndindən eramızdan əvvəl II–III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır.

Saatlıda M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbi rayon üzrə ən yaxşı təhsil ocaqlarından biridir. 2015-ci ildə məktəb respublikanın ən yaxşı 50 məktəbi sırasında yer almış və "İlin məktəbi" seçilmişdir. Məktəbin 2003-cü ildə 100 illiyi qeyd olunmuşdur.

Ərazidə həmçinin tikintisi 2014-cü ildə bitmiş məscid də yerləşir.  Kəndin ərazisində Mirzə Ələkbər Sabirin büstü və İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə qoyulmuş heykəl yerləşir. Əlisoltanlı kəndinin ərazisindən Sabir adına suvarma kanalı keçir.

Araz çayının daşmasının qarşısını almaq üçün böyük bəndlər çəkilmişdir. Araz çayının daşması nəticəsində əvvəllər böyük meşə ərazisi su altında qalıb, bəzi bəndlər suya davam gətirməmişdir.

Bakı Dövlət Universitetinin rektoru olmuş (1992-1993) hüquq elmləri doktoru, professor Firudin Səməndərov bu kənddə anadan olmuşdur.

2020-ci ildəki əhalinin siyahıyaalınmasından sonra Əlisoltanlıda əhalisinin sayı 2667 nəfərə  çatmışdır. Kəndin iqtisadiyyatını əsasən əkinçilik və maldarlıq təşkil edir. Bununla yanaşı, əvvəllər Qıraqlı kəndində fəaliyyət göstərən “ÇTS-Aqro” MMC-nin pambıq emalı zavodunun avadanlığı hazırda Əlisoltanlı kəndində yerləşən sapəyirici fabrikinin ərazisinə köçürülmüşdür. Fabrikin ərazisindəki binalar və qurğularda pambıq emalı üzrə maşın və mexanizmlər yerləşdirilərək pambığın qəbuluna və emalına başlanılmışdır.

Kənd məktəbində təhsilə ciddi fikir verilir. Məktəbin şagirdləri müntəzəm olaraq“Xəmsə” intellektual yarışlarına qatılır və yaxşı göstəricilər əldə edirlər.

  Bu günlərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Əlisoltanlı kəndinin sakinləri ilə görüş keçirdi. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər. Görüşdə çıxış edən kənd sakinlərindən Mehdi Əliyev, Fəxrəddin Əliyev, Şahin Qurbanov və başqaları Əlisoltanlıda görülən işlərlə yanaşı, bir sıra həlli vacib problemləri də dilə gətirdilər. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapdı, digər məsələlərlə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıq və göstərişlər verildi.

Tofiq HÜSEYN,

“Respublika”.