Sabiq bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib
Region

Sabiq bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Quba rayonunun Tüləkəran bələdiyyəsinin sədri vəzifəsində işləmiş Laləzar Heybətovanın qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, Laləzar Heybətovanın 2015-2019-cu illərdə bələdiyyə sədri vəzifəsində işləyərkən qulluq mövqeyindən tamah niyyəti ilə istifadə edərək guya bələdiyyə ərazisində yaşayan şəxslərə maddi yardımın ayrılmasına, yol təmir-bərpa işlərinin görülməsinə görə xidmət haqqının ödənilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək bələdiyyənin qanunla qorunan mənafeyinə 16 min 547 manat məbləğində maddi zərər vurduğu müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Laləzar Heybətovaya Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 179.2.3-cü, 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə yekun ittiham elan olunub.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilib.

AZƏRTAC