Sabirabad: əldə olunan göstəricilər qənaətbəxşdir
Region

Sabirabad: əldə olunan göstəricilər qənaətbəxşdir

Sabirabad rayonunun 180.290 min əhalisi,74 kəndi var. Rayonda Dövlət Sosial İqtisad Kolleci, peşə liseyi, 85 ümumtəhsil məktəb, 22 uşaq bağçası,126 mədəniyyət, 77 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Muğanın şimal hissəsində, Kür və Araz çayının qovuşduğu məkanda yerləşir. Məşhur Suqovuşan bu ərazidədir. Muğan torpağı 11-12- ci əsrlərdə “Xəzər zəmin”, yəni “Günəşli torpaq” adlanıb. Ərazi bir qədər sonra Qalaqayın, daha sonra Petropavlovka adlanıb. 1930-cu ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Petropavlovka müstəqil rayon statusu alıb. 1931-ci ildə rayona böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin adı verilib. 1956-cı ildən rayon “Sabirabad rayonu” adlandırılıb.

Sabirabad rayonu yaranışından “çörəkli rayon” kimi məşhurdur. Bunun əsas səbəbi ərazidəki barlı-bərəkətli, məhsuldar torpaqlardır. Rayon hər ili bütün istiqamətlərdə yüksək göstəricilərlə başa vurur. Müqayisəsini apardığımız 2019-2020-ci illərdə bu göstəricilər bir daha deyilən fikri təsdiq edir.

Əhalinin sayı 2019-cu ildə 178,7, 2020-ci ildə 180,2 min nəfər olmuşdur. Əhalinin artımında nəzərəçarpan dəyişiklik əsas müsbət göstəricilərdən olduğu üçün bunu birinci qeyd etməyi lazım bildik. İkinci müsbət hal kənd əhalisinin artımında baş verən göstəricidir. Əvvəlki illə müqayisədə kənddəki artım 100,9 faiz olmuşdur, yəni 147,8 min nəfərdən 149,2 min nəfərə yüksəlmişdir. Mövcud təsərrüfatlar şəhər üzrə 6686-dan 6702-ə, kənd üzrə 28.812-dən 28.819-a çatmışdır. Rayona gələnlərlə gedənlərin sayı əvvəlki illə müqayisədə azalmışdır. Tikinti təşkilatlarının gördüyü işin həcmi xeyli azalaraq 65,8 faizə enmişdir. Sənaye məhsulunun həcmində isə əksinə, 111,1 faiz artım müşahidə olunur. Bu artım əsasən pambıq emalı və şirə zavodlarının hesabına əldə edilmişdir. Bu isə 18 yeni iş yeri açılmışdır.

Rayonun əsas istehsal sahəsi olan taxılçılıqda və pambıqçılıqda irəliləyiş əldə olunmuşdur. 2020-ci ildə əvvəlki ilə nisbətən 8 hektar artıq sahədə taxıl əkilmiş, 104,019 ton məhsul əldə edilmişdir. Bu isə əvvəlki ildən 4 min ton artıqdır. 2019-cu ildə 15536 hektardan 63912 ton, sonrakı ildə 63912 hektardan 65509 ton məhsul əldə edilmiş, hektarın məhsuldarlığı 41,1 sentnerdən 43,7 sentnerə yüksəlmişdir. Arpa əvvəlki ildə 9600 hektarda əkilmiş, 36196 ton məhsul götürülmüşdür. Sonrakı ildə 10386 hektardan 39500 ton arpa istehsal olunmuş, məhsuldarlıq 37,7 sentnerdən 38 sentnerə çatmışdır.

Pambıqçılıq sahəsində əldə olunan göstəricilər daha müsbət xarakterlidir. Bu isə ölkədə pambıqçılığın inkişafına göstərilən yüksək qayğı və diqqətə bariz nümunədir. 2019- cu ildə rayonda 8630 hektarda pambıq çiyidi əkildiyi halda, 2020-ci ildə bu rəqəm 10175 hektara yüksəlmişdir. Əvvəlki ildə 25.210.7 ton, sonrakı ildə 31.618,5 ton “ağ qızıl” toplanaraq məhsuldarlıq hektara 29,2 sentnerdən 31,4 sentnerə çatdırılmışdır.

Kartof, qarğıdalı, tərəvəz, bostan digər kənd təsərrüfatı məhsullarının istehsalında da nəzərəçarpan artım müşahidə olunur. Kartof --25.090 ton əvvəlki, 26.586 ton sonrakı ildə, məhsuldarlıq əvvəlki-148,1, sonrakı il 152,2 ton, tərəvəz-71.337 ton əvvəlki, 74.278 ton sonrakı ildə, məhsuldarlıq əvvəlki-153,1, sonrakı 156,4 ton, bostan --130.100 ton əvvəlki, 133.379 ton sonrakı ildə, məhsuldarlıq əvvəlki ildə 329,3, sonrakı ildə 334,8 ton olmuşdur.

2021-ci il üçün 25.179 hektarda taxıl əkini aparılmışdır. Əkinin 14.860 hektarı buğda, 10.319 hektarı arpadır. Cari ildə fermerlər havaların quraqlıq keçməsinə, suvarma suyunda problemlər yaranmasına baxmayaraq yüksək məhsuldarlıq əldə etməyə nail olublar. Ötən iki ilin müqayisəsi zamanı əsas sahələrdə əldə olunan göstəricilər qənaətbəxşdir.          

                    Tofiq HÜSEYN,

“Respublika”.