Sağalmayan yaramız
Tarix

Sağalmayan yaramız

Sağalmayan yaramız olan Xocalı faciəsindən artıq 31 il ötür... 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin dəhşətlərini isə sözlə ifadə etmək qeyri-mümkündür. İllər keçsə də, namərd düşmənimizin vurduğu yara sağalmayacaq. Hər il balacasından tutmuş böyüyünə qədər hər bir Azərbaycan vətəndaşı həmin günü hüznlə yad  edir, dünyanın harasında yaşamasından asılı olmayaraq Xocalı qurbanlarının ruhuna dualar oxuyur. Soyqırımının canlı şahidi olan həmyerlilərimiz isə o günü əsla unutmayacaqlarını deyirlər.

Abbasova Göyçək Qabil qızı 1966-cı ildə Xocalı şəhərində anadan olub. Səkkizuşaqlı ailədə böyüyən Göyçək xanım 12 yaşında atasını itirib. Kiçik yaşlarından təsərrüfat işlərində çalışıb. 1986-cı ildə ailə qurub. İki övladı dünyaya gəlib. Həmin dəhşətli gecədə atəş səsləri eşidən kimi uşaqlarla birgə evin zirzəmisində gizlənir. Bu zaman postda növbədə olan qaynı Süleyman evə gələrək onları çölə çıxarır. Göyçək xanım deyir: "Ermənilər hər gün atəş açırdılar, buna görə biz də uşaqlarımızla birlikdə zirzəmidə təxmini bir ay müddətində gizlənməli olmuşduq. Heç düz-əməlli yemək də yeyə bilmirdik. Nəsə tapan kimi uşaqlarıma verirdim ki, heç olmasa onlar sağ qalsınlar. Həmin gecə birdən qapının açıldığını eşitdim və qaynım bizə gəlib dedi ki, tez evdən çıxın, ermənilər kəndə girib. Heç ayağımıza geyinməyə bir şey tapa bilmədim, qaloşlarımızı geyinib tez evdən çıxdıq. Əgər qaynım bizi evdən çıxarmasaydı, indi hamımız ölmüşdük". Beləcə, qohumları ilə birlikdə şəhər orta məktəbində toplaşırlar. Lakin buradan da çıxmalı olurlar və meşə yolu ilə Ağdama istiqamət götürürlər. Elə bu zaman mühasirəyə düşürlər. Bir yaşlı qızı ilə girov düşən Göyçək Abbasovanı Əsgəran rayonuna aparıb 12 metr uzunluğu olan zirzəmiyə salırlar. Onunla birgə 13 qadın da girov götürülür. Günlərlə ac-susuz qalırlar. Sadəcə uşaqlar acından ölməsin deyə bir parça quru çörək və neftli stəkanlarda su verirmişlər. "Ayağımızın altından su keçirdi, günlərlə o suyun üstündə qalmaq məcburiyyətində idik. Buna görə də, sonra bütün xəstəlikləri elə o zaman tapdım". Göyçək xanım bildirir ki, bütün zinyət əşyalarını döyə-döyə əllərindən alıblar: "Qorxumuzdan nəyimiz var idisə hamısını vermişdik ki, bizə heç nə etməsinlər. Soyuq silahlardan istifadə edirdilər. Yadımdadır ki, oradakı bir xanıma ülgüclə, digərinə isə qayçı ilə işgəncə etmişdilər". Üç gün sonra, fevralın 28-də onları zirzəmidən çıxararaq Ağdam istiqamətindəki posta gətiriblər. Daha sonra həyat yoldaşı Əli və qaynı Süleyman onları bir neçə erməni əsiri ilə dəyişdirib azad ediblər. Həmsöhbətim deyir: "İnsan bilmirdi qurtulduğuna sevinsin, yoxsa kədərlənsin. Axı, yüzlərlə insan arxada qalırdı. Qurtulduqdan sonra məni Ağdam xəstəxanasına yerləşdirdilər, yüngül müalicə götürdüm. Şəkər, ürək xəstəliyindən əziyyət çəkirəm, ayağımda isə bu günə qədər hələ də qəlpə qalır. İyirmi gündən sonra isə Mərdəkan qəsəbəsinə yerləşdirdilər". Soyqırımı nəticəsində bacısı və qızını, yeznəsini itirən Göyçək xanım əsla o günləri unutmayacağını bildirir. Bu dəhşətli soyqırımı qurbanlarının qisası isə iki il əvvəl Ali Baş Komandan, Prezident İlham Əliyev və rəşadətli Azərbaycan  ordusu tərəfindən layiqincə alındı. İllər boyu davam edən amansız vəhşiliklərin cəzası döyüş meydanında verildi.

Töhfə SƏMƏDOVA,

"Respublika".