“SAĞLAM BƏDƏNDƏ SAĞLAM RUH
Region

“SAĞLAM BƏDƏNDƏ SAĞLAM RUH" DEVİZİ İLƏ YARIŞ

Bu günlərdə Yevlax Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə "Sağlam bədəndə sağlam ruh" devizi ilə idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının Yevlax rayon birinciliyi keçirilmişdir.

Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi, daxili işlər orqanlarında və daxili qoşunlarda xidmətə həvəsləndirilməsidir.

Yarışa həsr edilmiş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - Hümbət Əhmədov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşı, polis mayoru Aydın Həşimov, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli iştirak etmişdir. Yarışlar dövlət himninin səsləndirilməsindən sonra açıq elan edilmişdir. Yarışda müvafiq fiziki hazırlığı olan 20-25 yaşarası gənclər iştirak etmiş, ümumilikdə 21 gənc müəyyən olunmuş marşrut üzrə 3 min metr məsafəyə kross qaçışı və turnik hərəkətləri üzrə öz güclərini sınamışlar.

Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşlar.

Zabit XƏLİLOV,

"Respublika".