Sahibə Qafarova: Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü səviyyəsi birlik və həmrəyliyimizin yeni təzahürüdür
Siyasət

Sahibə Qafarova: Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü səviyyəsi birlik və həmrəyliyimizin yeni təzahürüdür

İyunun 2-də Milli Məclisin sədri Sahibə Qafarova "İNCSOS-Qarabağ" 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsi baxımından çox önəmli olduğunu vurğulayıb.

Milli Məclisin sədri Türkiyə Böyük Millət Məclisinin sədri, professor, doktor Mustafa Şentopa bu tədbirin Azərbaycanda keçirilməsi təşəbbüsünü irəli sürdüyünə və verdiyi böyük dəstəyə görə təşəkkürünü bildirib. Bu cür elmi tədbirlərin keçirilməsi universitetlərimiz, elmi dairələrimiz arasında əməkdaşlığın inkişafı baxımından son dərəcə zəruri olduğu qeyd olunub.

Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilməsi baxımından 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin mövzusunun Qarabağa həsr olunmasının vacibliyi vurğulanıb. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələrin bugünkü səviyyəsi birlik və həmrəyliyimizin yeni təzahürüdür. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana birmənalı siyasi və mənəvi dəstəyi bu birliyin parlaq nümunəsidir.

İyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd ediləcəyini diqqətə çatdıran Sahibə Qafarova Şuşa Bəyannaməsinin ölkələrimizin qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyənləşdirdiyini vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop xalqlarımızın təmsilçiləri olan parlamentlərimizin də dövlət başçılarının siyasi iradəsini yekdilliklə təsdiqlədiyini diqqətə çatdırıb. Bildirilib ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi "bir millət, iki dövlət" prinsipinə əsaslanır. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının gələcəkdə daha da inkişaf edəcəyi və daha da möhkəmlənəcəyi vurğulanıb.

TBMM sədri 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində aparılacaq müzakirələrin elmi dairələrimizin birgə fəaliyyətinin gücləndirilməsi, ölkələrimiz və xalqlarımız üçün mühüm mövzuların nəzərdən keçirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. O, bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AZƏRTAC