SAHİBKAR DÖVLƏTİN DƏSTƏYİNƏ ARXALANIR
Region

SAHİBKAR DÖVLƏTİN DƏSTƏYİNƏ ARXALANIR

Son dövrdə Azərbaycanda iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, şaxələndirilməsi istiqamətində böyük layihələr həyata keçirilmişdir. Ölkədə özəl sektora, sahibkarlığa göstərilən hərtərəfli dövlət dəstəyi və bütün bürokratik əngəllərin aradan qaldırılması bu sahənin sürətli inkişafına zəmin yaratmışdır.

Regionlarda müasir tələblərə cavab verən sənaye, kənd təsərrüfatı və digər profilli müəssisələrin yaradılması uğurla davam etdirilir. Bu günlərdə respublikanın qərb bölgəsində yerləşən, bütün sahələrdə yüksək nailiyyətlər qazanmış Ağstafa rayonuna yollandıq.

Ağstafada hazırda bir neçə iri müəssisə fəaliyyət göstərir. Belə müəssisələrdən biri də Ana Kürün sol tərəfində yaradılmış, rayon mərkəzindən 17 kilometr məsafədə yerləşən “Kür Frut” şirkətidir.

Şirkətin direktoru Ramiz Nuriyev dövlət başçısı İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli sərəncamına əsasən nümunəvi təsərrüfat rəhbəri kimi “3-cü dərəcəli Əmək ordeni” ilə təltif olunmuşdur. Direktor suallarımızı cavablandıraraq bildirdi ki, bu torpaqlarda tarixən əkin-biçin aparılmamışdır. Ərazi heç də indiki kimi hamar və düzən olmamışdır. Əvvəllər buralar dərə-təpə olmuş, sel suları 5-6 metr dərinliyində yarğanlar əmələ gətirmişdi. Nadir hallarda bu ərazidə mal-heyvan otarılırdı.

Buna görə əvvəlcə bu ərazilərdə genişmiqyaslı meliorativ tədbirlər aparılaraq əkin-biçin üçün yararlı hala gətirildi. Hazırda 130 hektar sahədə intensiv meyvə bağları var. Bağlar əsasən armud, gilas, alma, nektar, şaftalı, süfrə üzümü, heyva və xurma ağaclarından ibarətdir. Ağaclar 2018-ci ildə əkilmişdir. Bu ağacların 80 faizi hazırda qismən bar verir. Məlumdur ki, ağaclar əkildikdən 5 il sonra tam gücü ilə məhsuldar olur. Bu baxımdan növbəti illərdə məhsuldarlığın daha çox olması qaçılmazdır. Əldə olunan rəqabətədavamlı, ixracyönümlü məhsul yerli bazarlarda bolluq yaratmaqla yanaşı, “Made in Azerbaijan” brendi altında xarici ölkələrə də ixrac olunur.

Ötən təsərrüfat ilində istehsal olunmuş ekoloji təmiz məhsullar Rusiya və Qazaxıstan respublikalarına ixrac olunmuşdur. Sahibkar vurğuladı ki, təkcə Rusiya və Qazaxıstan bazarlarından asılı qalmamaq üçün araşdırmalara başlanılmışdır. Çünki mövcud vəziyyət bunu tələb edir. Bu baxımdan yüksəkkeyfiyyətli məhsulları Avropa və Şərq ölkələri bazarlarına ixrac etmək daha əlverişli olar.

Əminik ki, respublika Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində yaxın zamanlarda fermerlər məqsədlərinə nail olacaqlar. Belə ki, sahibkarlara çox böyük imkanlar yaranacaqdır.

Yuxarıda qeyd etdiyimiz kimi, məhsulun bir hissəsi daxili bazarlarda realizə olunur. 2020-ci ilədək respublikanın Qərb bölgəsini nektar və bəzi meyvələrlə qonşu Gürcüstan Respublikası təmin edirdi. Ancaq ötən ildən bu məhsullarla bölgəni “Kür Frut” şirkəti bir qədər də ucuz qiymətlə təmin edir. Bağçılıqla yanaşı, şirkət hər il birillik bitkilərdən olan günəbaxan, taxıl, bostan bitkiləri əkilib becərilməsini həyata keçirir.

Müəssisədə ağacların becərilməsində və suvarılmasında innovativ metodlardan istifadə olunur. Suvarma əsasən damcılama üsulu ilə aparılır. Şirkət rəhbəri bir məsələni xüsusilə vurğuladı ki, keçən ilədək suvarma suyu ilə bağlı olaraq çətinliklərlə üzləşirdik. Suyu Kür çayından nasoslar vasitəsilə götürürdük. Bunun üçün şirkət böyük məbləğdə enerji pulu ödəyirdi. Digər tərəfdən isə bəzən Kür çayında suyun səviyyəsinin aşağı düşməsi problem yaradırdı.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bir neçə dəfə şirkətə baş çəkmiş, problemlərlə maraqlanmış və lazımi köməkliklər göstərmişdir. Yuxarıda qeyd etdiyimiz problemi də qısa zaman ərzində daxili imkanlar hesabına həll etdi. Bunun üçün Candar gölündən gələn kanallar təmir olundu və təmizlənərək yararlı hala gətirildi. İndi şirkət daimi suvarma suyu ilə təmin olunmuşdur (heç bir enerji sərf etmədən). Müəssisədə tutumu 12 min kubmetr olan ehtiyat süni göl yaradılmışdır.

Direktor bir vacib məsələni də dilə gətirərək bildirdi ki, Azərbaycanda meyvələr demək olar ki, eyni vaxtda yetişir. Hamı məhsulunu satmağa çalışır. Belə olan halda isə istər-istəməz məhsulun qiyməti aşağı düşür. Çıxış yolu məhsulu bir müddət soyuducu kamerada saxlayaraq sonra satışını həyata keçirməkdir. Lakin soyuducu anbarın inşa olunması nə rayon rəhbərliyinin, nə də şirkətin imkanları daxilində deyil. Bunun üçün dövlətin dəstəyinə ehtiyac var. Soyuducu anbarın yaradılması məhsulun keyfiyyətli saxlanılmasına xidmət etməklə yanaşı, bölgədə məşğulluğun təmin olunmasına da şərait yaradacaqdır. Hazırda şirkətdə 40 nəfərə yaxın insan daimi işlə təmin olunmuşdur. 70 nəfər isə mövsümi işə cəlb olunur. Şirkət kənd təsərrüfatı və digər texnikalarla tam təchiz edilmişdir. Bu texnikalar şirkətə 40 faiz güzəştlə satılmışdır.

“Kür Frut” şirkəti xalqımıza xas olan xeyriyyəçilik ənənələrindən də kənarda qalmır. Bayram və başqa əlamətdar günlərdə imkansız ailələrə maddi yardımlar edir. Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimizə də daim müxtəlif sovqatlar göndərilmişdir. Şirkət rəhbəri yaxın zamanlarda mövcud problemlərin həll olunacağına inanır.

Vəli VƏLİYEV,

“Respublika”.