“Şahidə çevrilmiş şəhid”
Region

“Şahidə çevrilmiş şəhid”

Xaçmazda “Zəfər Günü” ərəfəsində bir sıra ədəbi-bədii, kütləvi tədbirlər həyata keçirilir. Həmin tədbirlər çərçivəsində rayon Mədəniyyət Mərkəzində 1992-ci ildə ölkədə baş verən ictimai-siyasi hadisələri, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəni özündə əks etdirən “Şahidə çevrilmiş şəhid” tamaşası nümayiş olunmuşdur. Heydər Əliyev adına rayon Mədəniyyət Mərkəzi və Xaçmaz Xalq Teatrının aktyor truppası tərəfindən hazırlanan tamaşanı izləyənlər sırasında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər də olub.

Xalq Teatrının rejissoru İlham Tağıyevin quruluş verdiyi tamaşanın müəllifi Çingiz Ələsgərlidir. İlk dəfə Xaçmaz Xalq Teatrında səhnələşdirilən tamaşa iştirakçılar tərəfindən maraqla izlənilib. Tamaşanın nümayişində əsas məqsəd mənfur erməni silahlı birləşmələrinin Azərbaycanın mülki əhalisinə qarşı zamanla terror və soyqırımı aktları törədərək hərbi cinayətlər həyata keçirmələrini bir daha göstərmək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsilə başlanan Vətən müharibəsindəki şanlı Qələbəmizi təbliğ etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da gücləndirməkdir.

          Ziyafəddin BAYRAMOV,

      “Respublika”.