ŞAHİDİ OLDUĞUMUZ ŞANLI TARİX
Digər xəbərlər

  ŞAHİDİ OLDUĞUMUZ ŞANLI TARİX

Xalqımız 15 iyunu bundan sonra ikiqat bayram kimi qeyd edəcək. Milli Qurtuluş Günü, həm də bütün Türk dünyasının ən yeni tarixinin bir başlanğıcı kimi. Bu şanlı tarixin şahidi olmağımızla sonsuz sevinc hissi keçirir, qürur duyuruq.

 2021-ci ilin iyun ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, mədəniyyətimizin beşiyi sayılan Şuşada tarix yazdılar. Türkiyə Prezidentinin Şuşaya səfəri ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin həqiqətən də ən yüksək səviyyədə olmasının əyani təzahürü oldu.

Biz ziyalılar bu səfəri ölkəmiz, həm də bütün türk dünyası üçün son dərəcə böyük əhəmiyyət kəsb edən tarixi hadisə kimi qiymətləndiririk. Prezident Ərdoğanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə məhz 15 İyun -- Milli Qurtuluş Günündə səfər etməsi özlüyündə mühüm  əhəmiyyət və məna daşıyır. Səfərin vaxt seçiminin təsadüfi olmadığını əminliklə demək olar. Bu əlamətdar günün Azərbaycan xalqının tarixində həqiqətən böyük başlanğıclar günü olduğu artıq məlumdur.

Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və türk dünyası üçün olduqca əhəmiyyətli hadisədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olduğunu bir daha bütün dünyaya göstərdi. Türkiyə Prezidentinin Şuşaya səfəri Azərbaycanın arxasında qardaş ölkənin timsalında böyük gücün dayandığının və iki qardaş dövlət arasındakı strateji müttəfiqliyin daha güclü birliyə çevrildiyinin növbəti təsdiqi oldu.

Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında Türkiyənin müharibə dövründə Azərbaycana dəstəyini yüksək dəyərləndirdi: “İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan bizə qaytarıldı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. Otuz il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi”.

Prezident İlham Əliyev iki qardaş ölkə arasında imzalanan Bəyannamənin vacibliyini xüsusi vurğulayaraq dedi: “Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə -- Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

 Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad olunur. Qars müqaviləsi 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın, gələcək iş birliyinin istiqamətini göstərir.

 Qeyd edək ki, Bəyannamədə çox önəmli məsələlər öz əksini tapıb. Beynəlxalq müstəvidə  iki ölkə arasında birgə əməkdaşlıq, fəaliyyət, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunub. Enerji təhlükəsizliyinin, Cənub qaz dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük əhəmiyyət kəsb edir. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri də Bəyannamədə öz əksini tapıb.

Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq” deyən ölkə başçısının uzaqgörən siyasəti bir vətəndaş kimi bizi də çox sevindirir.

“Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür!” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikri ölkələrimiz arasında əbədi və sarsılmaz dostluqdan xəbər verir. İnanırıq ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi bu tərəfdaşlığın hüquqi əsaslar üzərində yaradılmasına xidmət edəcəkdir.

Azərbaycan və Türkiyə prezidentləri  Şuşada Bəyannamə imzalamaqla yeni tarix yazdılar və bu tarix bütün türk dünyasının həm nüfuzunun, həm də qüdrətinin daha da artmasının, güclənməsinin nümayişi oldu. Bu şanlı, möhtəşəm tarixin şahidi olmaqla fəxr edirik!

Natiq İBRAHİMOV,

Lənkəran Dövlət Universitetinin rektoru, professor.