Şahmar Mövsümov: Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir
Səhiyyə

Şahmar Mövsümov: Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir

Vaksinasiyanın yetərincə qoruması haqqında artıq bizim əlimizdə kifayət qədər statistik məlumatlar var. Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir. Bu sabitlik təbii ki, həm vaksinasiya, həm də qaydalara riayət olunmaqla əldə edilib. Ona görə də yeni müddətin tətbiq olunması haqqında Operativ Qərargahın müvafiq qərarı bu yaxınlarda imzalanacaq və yerləşdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Vəziyyətimiz sabitdir, amma xahişimiz odur ki, heç kəs düşünməsin artıq pandemiya bitdi və biz qaydalara riayət etməyə bilərik. Birlikdə bu xəstəliyin öhdəsindən gəlmək üçün hamımız qaydalara riayət etməliyik, vaxtında vaksinimizi vurdurmalıyıq. İkinci dozadan sonra 6 aya yaxınlaşan şəxsləri təcili olaraq üçüncü dozanı vurdurmağa çağırırıq", - deyə Şahmar Mövsümov qeyd edib.

AZƏRTAC