Sakinlərin müraciətləri dinlənilib
Region

Sakinlərin müraciətləri dinlənilib

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən Cəbrayıl RİH-in qərargahında növbəti səyyar görüş-qəbul keçirdi.

Görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayon sakinləri iştirak etdilər. Rayon rəhbəri qeyd etdi ki, respublikamızda həyata keçirilən bütün mühüm layihələr, görülən işlər ölkəmizin ildən-ilə artan iqtisadi gücünün hesabınadır. Ölkəmizdə davamlı xarakter alan bu inkişafa ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə nail olunur. İcra olunan bütün sosial layihələr vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edir. Beş-on il əvvələ qayıtsaq, ölkəmizin necə böyük inkişaf yolu keçdiyini aydın şəkildə görə bilərik. Ölkənin hər yerində, bütün sahələrdə inkişaf, tərəqqi var.

İcra başçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində azad edilmiş yaşayış məntəqələrində, o cümlədən Cəbrayılda sürətli tikinti-quruculuq işlərinin aparıldığını bildirdi. Əlavə etdi ki, bizim üzərimizə düşən əsas vəzifə ölkə rəhbərinin ətrafında sıx birləşərək respublikada bərqərar olan əmin-amanlığı, sabitliyi qorumaq, bu inkişafa töhfəmizi verməkdir.

Sonra rayon sakinləri çıxış edərək onları narahat edən sosial məsələlərlə bağlı təkliflərini səsləndirdilər, bir sıra problemin həllinə köməklik göstərilməsini xahiş etdilər. Rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verdi.

Tofiq HÜSEYN,

"Respublika".