Salatın Əsgərova
Sosial həyat

Salatın Əsgərova

Tarixin istənilən dönəminə qısaca nəzər salmaq kifayətdir ki, Azərbaycanın faşist xislətli erməni quldurları tərəfindən hücumlara məruz qalmasının şahidi olasan. Xüsusilə, XX əsrin 90-cı illərində erməni quldurları daha da azğınlaşdılar. Vətənin başını qara buludlar alanda cəsur Azərbaycan oğulları ilə birlikdə qadınlar da səngərlərə üz tutdu. Belə Vətən həsrəti çəkən qadınlardan biri də jurnalist Salatın Əsgərova oldu.

Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. Ən çox sevdiyi məkan Xəzərin nəğməli sahilləri idi. Bəzən seyr etdiklərini şeir formasında qələmə alır, yazıb-pozmağa olan həvəsi gündən-günə artırdı.

Salatın Əsgərova M.Müşviq adına 18 saylı orta məktəbdə təhsil almışdı. Məktəb illərində dəfələrlə olimpiadaların iştirakçısı olmuş, məktəbin divar qəzetində haqqında maraqlı yazılar dərc edilmişdi.

Salatın orta təhsilini başa vurduqdan sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil oldu. Mühəndis diplomu alsa da, ədəbiyyata olan sonsuz həvəsi onu jurnalistika aləminə yönəltdi. O, əvvəlcə qələmini ştatdankənar müxbir kimi sınadı. Sonra "Baku" və "Molodyoj Azerbaydjana" qəzetində müxtəlif mövzularda çıxışlar etməyə başladı. Onun toxunduğu məsələlər həyatımızın ən vacib problemləri ilə bağlı idi. Qarabağ dərdi, torpaqlarımızın bütövlüyü onun yazılarının başlıca mövzularına çevrilmişdi. O, tez-tez cəbhə xəttinə gedir, qaynar nöqtələrdən operativ materiallar hazırlayırdı. Ailəsi, iş yoldaşları ondan bərk nigaran idilər. Dəfələrlə Salatının döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, buna nail ola bilməmişlər.

Bir rus zabitinin maşını ilə ermənilər yaşayan kəndlərə yollanan Salatın əhali ilə söhbət edir, onları təhrikə uymamağa, barışığa çağırırdı.

Onun bu sözlərinə görə, azğınlaşmış erməni yaraqlıları onu güllələmək istəyirlər. Rus zabiti Salatını güclə aradan çıxarsa da, aldığı ağır yaralardan özü həlak olur.

1991-ci il... Yanvarın 9-u... Salatın Laçından Şuşaya gəlirdi. Yolun 6-cı kilometrliyində, Qaladərəsi kəndi yaxınlığında erməni quldurları maşını yaxın məsafədən atəşə tutdular. Tanınmış jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı Salatın Əsgərova daşnaklar tərəfindən vəhşicəsinə qətlə yetirildi.

Bir oğlu yadigar qaldı. Son mənzili Bakı şəhərindəki Şəhidlər Xiyabanı oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Bakı şəhərində küçələrdən birinə Salatın Əsgərovanın adı verilib. Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. "Təfəkkür" Universitetində büstü qoyulub. Yaşadığı binaya barelyefi vurulub. Yaxınlığında həlak olduğu kənd "Salatınkənd" adlanır.

Qədir ASLAN,

"Respublika".