Şamaxı: Qonaqlar yüksək tolerantlıq mühitindən məmnun olub
Region

Şamaxı: Qonaqlar yüksək tolerantlıq mühitindən məmnun olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi və "Həyat sözü" Xristian dini icmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı rayonunda səfərdə olub.

Qonaqlar öncə ölkəmizin ən qədim məscidi olan Şamaxı Cümə Məscidini ziyarət edib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayaraq, Şamaxının tarixi, mədəniyyəti, o cümlədən ölkəmizdəki multikultural dəyərlər barədə danışıb.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi, Şamaxı Cümə Məscidinin imamı Mərəhmət Mustafayev məscidin tarixi, ölkəmizdə və bölgədə olan dini konfessiyalar arasındakı dostluq münasibətləri barədə söhbət açıb.

Səfər çərçivəsində nümayəndə heyəti dahi şair Nəsiminin qardaşı Şahxəndanın türbəsində olublar.

Varşava Böyük Kahinlər Seminariyasının rektoru, nümayəndə heyətinin rəhbəri Voyçex Bartkoviç və Polşanın Mədəniyyət və Mədəni İrsin Qorunması üzrə Yepiskopluğu Şurasının sədri Mixal Yanoxa nümayəndə heyəti adından Azərbaycanda, o cümlədən regionda gördükləri bəşəri dəyərlərin üstün olduğu yüksək tolerantlıq mühitindən məmnun olduqlarını və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

M.QULUYEV,

"Respublika".