Şamaxı: Nağaraxana bələdiyyəsi etimadı doğrultmağa çalışır
Region

Şamaxı: Nağaraxana bələdiyyəsi etimadı doğrultmağa çalışır

Respublikamızda və eyni zamanda rayonumuzda gedən sürətli inkişaf və abadlıq işləri kəndimizin bələdiyyəsi və icra nümayəndəliyi qarşısında mühüm vəzifələr qoyub. Odur ki, biz işlərimizi qarşılıqlı şəkildə quraraq kəndin sosial-iqtisadi problemlərini həll etmək üçün çalışırıq.

Nağaraxana bələdiyyəsinin sədri Sədaqət Əskərov əməkdaşımızla söhbətində qeyd etdi ki, bələdiyyənin ərazisi iki yaşayış sahəsindən - Nağaraxana və Talışnuru kəndlərindən ibarətdir. Ümumi torpaq fondu 3935 hektar təşkil edir. Onun bələdiyyə mülkiyyəti 1912 hektar, dövlət mülkiyyəti 94 hektar, xüsusi mülkiyyət isə 1929 hektardır.

Məlumdur ki, bələdiyyənin büdcəsi fiziki şəxslərdən toplanan torpaq və əmlak vergilərindən, əhaliyə icarəyə verilmiş torpaqların icarə haqları və torpaq alqı - satqısından gələn gəlir hesabına formalaşır. İl ərzində bələdiyyənin ümumilikdə gəliri 20215 manat olub. Bələdiyyəmizin ehtiyat torpaq fondu olmadığı üçün alqı - satqı aparılmayıb.

Qeyd olundu ki, bələdiyyədə vətəndaşların ərizə və şikayətlərinə baxılması operativ və obyektiv şəkildə həyata keçirilir. İlin əvvəlindən bu günə qədər 15 yazılı ərizə, xeyli şifahi sorğu daxil olub. Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub. Lakin elə problemlər də var ki, o, bizim səlahiyyətimiz daxilində olmadığı üçün aidiyyəti təşkilatlara göndərilib.

Bələdiyyə ərazisində olan üç qəbiristanlığın abadlığı daim diqqət mərkəzində saxlanılır. Eləcə də kəndin mərkəzində yerləşən "Naməlum əsgər" və məktəbin həyətində olan şəhidin abidəsinin ətrafı vaxtlı - vaxtında təmizlənir. Yerli sakinlərin istəklərini nəzərə alaraq kəndin yeni qəbiristanlığı daşla hasarlanıb. Talışnuru kəndinə gedən içməli su xəttini sel suları apardığından yenidən bərpa olunub.

Nağaraxana kəndində şəhidlərimizin xatirəsinə tikilmiş bulağın abadlaşdırılmasında əməkdaşlarımızın da xüsusi rolu var. Şəhid leytenant Hüseynov Eldost Asəf oğlunun anım günündə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun, şəhid ailələrinin, təşkilat rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə bulağın açılışı oldu. Ərazi mütəmadi olaraq təmizlənir, burada şam ağacları və gül kolları əkilib. Bulağın ətrafı və ümumi kənd ərazisinin təmizliyi bələdiyyənin daim nəzarətindədir.

Bələdiyyənin kollektivi öz işlərini bundan sonra da günün tələbləri səviyyəsində quraraq, ərazidə ortaya çıxacaq problemləri vaxtında həll etməyə çalışacaq.

M.NƏRİMANOĞLU,

“Respublika”