Samirə Mustafayeva: Şuşamızda həyat yenidən canlanıb
MÜSAHİBƏLƏR

Samirə Mustafayeva: Şuşamızda həyat yenidən canlanıb

Artıq bir neçə dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada oluram. İlk gəlişimlə son gəlişim arasında çox böyük fərq var. Yəni Şuşamızda quruculuq işləri geniş vüsət alıb və qədim qala-şəhərin siması durmadan yenilənir, dəyişir. Erməni vandallarının uçurub viran qoyduğu yerlər yenidən gülüstana çevrilir. Bir sözlə Şuşamızda həyat yenidən canlanıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində "Azad Həmfikirlər Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü Samirə Mustafayeva deyib.

"Qısa vaxtda Şuşada çox dəyişikliklər baş verib. Yollar çəkilir, körpülər salınır, yeni tikililər möhtəşəmliyi ilə göz oxşayır. Son vaxtlar keçirilən silsilə tədbirlər bu yenilikləri daha da rəngarəngləşdirir. Sanki "Şuşa İli" Şuşaya yeni can verir, ruh verir. Belə tədbirlər sırasında V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının da xüsusi yeri var. Bu festival hələ 30 il bundan əvvəl keçirilmişdi. Sonralar Şuşa işğal olduqdan sonra biz onu keçirdə bilmirdik. Sevindirici haldır ki, biz artıq ikinci ildir bu festivalı gözəl Şuşamızda məhz Cıdır düzündə geniş şəkildə qeyd edirik", - deyə Samirə Mustafayeva vurğulayıb.

Festivala qatılan ifaçıların istedadından danışan S.Mustafayeva deyib: "Etnocaz musiqisini dinlədim. Etibar Həsənli bu gün yaddaqalan çıxışı ilə dinləyicilərin qəlbini fəth etdi. Onun adını eşitsəm də üzünü birinci dəfə burada gördüm. Etibar Əsədlini Şuşada kəşf etdim, möhtəşəmdir. Sevinirəm ki, belə bir gənc bizi Azərbaycandan kənarda layiqincə təmsil edir. O, bizim gələcəyimizdir, Azərbaycanın fəxridir. Arzu edirəm ki, belə gənclərimiz çox olsun və onlar Azərbaycanı dünyanın hər yerində təmsil etsinlər, ölkəmizi tanıtsınlar.

AZƏRTAC