ŞANLI ORDUMUZUN QƏLƏBƏLƏRİLƏ QÜRUR DUYURUQ
Digər xəbərlər

ŞANLI ORDUMUZUN QƏLƏBƏLƏRİLƏ QÜRUR DUYURUQ

Sentyabr ayının 13-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribat törətdi. Qarabağ münaqişəsinin sülh yolu ilə həllində müəyyən razılıqların əldə olunmasına baxmayaraq, Ermənistan yenidən təxribat yolunu seçdi. Nəticədə qarşıdurma baş verdi, düşmən qəsdən vəziyyəti gərginləşdirdi.

Ermənistan regionda təcavüzkar və işğalçı dövlət kimi tanınır. Namərd düşmənin hərbi texnikası və canlı qüvvəsi Qarabağ iqtisadi zonasında hələ də qalmaqdadır.

Avropa İttifaqı Şurasının vasitəçilik səylərinə məhəl qoymayan Ermənistan sərhədyanı rayonlarda Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur, odlu silahlardan istifadə etməklə dinc sakinləri hədəf seçir.

Düşmən sərhədboyu rayonlarda yolları, əraziləri minalayır, ölkəmizin ərazisində təxribat-diversiya fəaliyyəti göstərir. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı Ermənistanın həyata keçirdiyi genişmiqyaslı hərbi təxribata müzəffər ordumuz bu dəfə də sanballı cavab verdi. Düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etdi. Təxribatların qarşısını alarkən igid, qəhrəman hərbçilərimizdən 80 nəfərə yaxın şəhid oldu.

Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində ardıcıl səylərinə və təkliflərinə zidd olaraq Ermənistan revanşizm siyasəti yürüdür, normallaşma proseslərini müxtəlif bəhanələrlə yubadır, beynəlxalq danışıqlarda destruktiv mövqe nümayiş etdirir. Bütün bunlar Ermənistanın sülh prosesində maraqlı olmadığını, əksinə, prosesə zərbə vurduğunu göstərir. Baş vermiş təxribatlara, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan işğaldan azad etdiyi rayonlarda genişmiqyaslı tikinti, bərpa, yenidənqurma işləri aparır. Artıq məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıdışı başlanıb. Ermənistan ardıcıl şəkildə törətdiyi təxribatlarla bu posesə də əngəl törədir.

Dünya dövlətləri yaxşı bilir ki, bu münaqişədə Azərbaycan haqlı tərəfdir. Gec də olsa ölkəmizin haqq işinə dəstək verilir. Ermənistan da beynəlxalq çağırışlara səs verməli, sərhədlərin delimitasiyasını başa çatdırmalıdır. Düşmən bunu nə qədər tez anlasa iqtisadiyyatı çökmüş ölkəsini bir o qədər tez xaosdan, böhrandan çıxaracaqdır.

Lakin beynəlxalq aləmdə ermənilərin havadarları, erməni lobbisinə xidmət edən qüvvələr də az deyil. Sentyabr ayının 18-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri, Fransanın BMT Təhlükəsizlik Şurasında sərhəd toqquşmasını gündəmə gətirməsi Azərbaycana olan ədalətsiz münasibətin, ikili standartların əyani nümunəsidir.

Nensi Pelosi Ermənistanın törətdiyi növbəti genişmiqyaslı təxribatlarda Azərbaycanı günahlandırır, bölgədəki vəziyyətlə bağlı əsassız, qərəzli, obyektivlikdən uzaq açıqlamalar verir. Bununla ABŞ konqresinə keçiriləcək aralıq seçkilərdə erməni lobbisinin dəstəyini qazanmağa, şəxsi maraqlarına xidmət etməyə çalışır.

Bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağını ucaldanda çıxış edərək bildirdi ki, "nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik".

Dövlətimizin başçısı düşmənə xəbərdarlıq edərək dedi: "Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir".

Bu gün xalqımız müzəffər ordumuzun şanlı qələbəsi, böyük zəfərimizlə fəxr edir, qürur hissi keçirir. Biz hər gün irəli gedir, hər gün qələbə qazanırıq. Xalq-iqtidar birliyi bütün qələbələrimizin rəhnidir.

Səfər İSMAYILOV,

Lənkəran rayon 1 saylı notariat ofisinin notariusu.