Şanlı qəhrəmanlıq səhifəsi
Siyasət

Şanlı qəhrəmanlıq səhifəsi

Qazandığımız möhtəşəm Qələbənin ildönümünün nəinki ölkəmizdə eləcə də, dünyanın bir çox yerində qeyd olunması hamımızı sevindirir. Hər gün ayrı-ayrı ölkələrin başçıları, parlament sədrləri, beynəlxalq təşkilatların rəhbərləri, parlamentariləri, dövlət xadimləri tərəfindən Zəfər günü ilə əlaqədar ölkəmizə göndərilən təbrik məktubları, tarixi Qələbəmizin dünyadakı böyük əks-sədasının əyani təcəssümüdür. Ölkəmizin münaqişənin dinc yolla həll edilməsinə çalışmasına baxmayaraq, təəssüf ki, Ermənistan rəhbərliyinin qıcıqlandırıcı çıxışları, həyata keçirdiyi təxribatlar sülh yolunu mümkünsüz etdi. Düşmənin 2020-ci il sentyabrın 27-də həyata keçirdiyi növbəti təxribatın qarşısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuz tərəfindən qətiyyətlə alındı və bütün cəbhə boyu həyata keçirilən əks-hücum əməliyyatları qısa müddətdə öz uğurlu nəticəsini verdi.

Qazandığımız möhtəşəm Qələbənin ildönümünün nəinki ölkəmizdə eləcə də, dünyanın bir çox yerində qeyd olunması hamımızı sevindirir. Hər gün ayrı-ayrı ölkələrin başçıları, parlament sədrləri, beynəlxalq təşkilatların rəhbərləri, parlamentariləri, dövlət xadimləri tərəfindən Zəfər günü ilə əlaqədar ölkəmizə göndərilən təbrik məktubları, tarixi Qələbəmizin dünyadakı böyük əks-sədasının əyani təcəssümüdür. Ölkəmizin münaqişənin dinc yolla həll edilməsinə çalışmasına baxmayaraq, təəssüf ki, Ermənistan rəhbərliyinin qıcıqlandırıcı çıxışları, həyata keçirdiyi təxribatlar sülh yolunu mümkünsüz etdi. Düşmənin 2020-ci il sentyabrın 27-də həyata keçirdiyi növbəti təxribatın qarşısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuz tərəfindən qətiyyətlə alındı və bütün cəbhə boyu həyata keçirilən əks-hücum əməliyyatları qısa müddətdə öz uğurlu nəticəsini verdi.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu ulu öndərin siyasətini hər sahədə uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövründə daha da təkmilləşdirildi, ən müasir silahlarla təchiz edildi, peşəkar hərbi qulluqçular yetişdi. Təsadüfi deyildir ki, bu gün bir sıra aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Şanlı Ordumuz düşməni döyüş meydanında məğlub etdi və bununla da diplomatik masaya düşmən uduzmuş şəkildə əyləşdi. Dövlət başçısı diplomatik müstəvidə də bu üstünlüyü davam etdirdi, nəticədə bir neçə rayon və şəhərimiz bir güllə belə atılmadan düşməndən alındı.

Müharibənin gedişində Ermənistan ordusunun məhv edilmiş döyüş arsenalını hər kəs ekranlardan izlədi. Daha sonra onların çoxu qələbə ilə bağlı təşkil olunmuş hərbi paradda nümayiş etdirildi. Bir çoxu hazırda qələbəmizi tarixiləşdirən Hərbi Qənimətlər parkında yerləşdirilib və gələn turistlərə, o cümlədən yeniyetmə və gənc nəslin nümayəndələrinə göstərilir.

Təbii ki, Ermənistan müharibədə və diplomatik müstəvidə uduzmuş, bu məğlubiyyətin qarşısında məcbur qalaraq kapitulyasiya aktını imzalamış, nəticədə ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Ermənistanın işğalını qınayan, icrası dərhal və məcburi olan dörd BMT qətnaməsinin qəbul edilməsinə baxmayaraq, Ermənistan 30 il ərzində onların icrasından imtina etmişdir. Məhz Azərbaycan Ordusu tərəfindən həyata keçirilən sülhə məcburetmə əməliyyatları nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimiz bərqərar edildi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı diqqətə çatdırdığı kimi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etməsi, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.

Təəssüf ki, Ermənistanın tarixi Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində bütün binaları, tarixi və dini abidələri, məscidləri, şəhər və kəndlərimizi tamamilə dağıtmışdır. Ermənistanın işğaldan azad edilmiş ərazilərdəki 67 məsciddən 65-ni məhv etmiş, Ağdam və Füzuli şəhərlərini viran qoymuşdur. Ağdam şəhəri xarici jurnalistlər tərəfindən "Qafqazın Xirosiması" adlandırılmışdır. Ölkəmizin dəfələrlə münaqişənin sülh yolu ilə həllinə cəhd etməsinə baxmayaraq, Ermənistan danışıqlar prosesini pozaraq ardıcıl təxribatlar törətmiş, nəticədə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusu tərəfindən sonuncu belə təxribatın qarşısı alınaraq, əks-hücum əməliyyatlarına başlanmış və 44 gün ərzində düşmən ordusunu darmadağın edərək, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Bu il sentyabrın 27-də Anım Günündə müqəddəs zəfər yürüşümüzün şərəfinə paytaxtımızda təşkil edilən tədbir hər birimizi qürurlandırdı. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və hərbçilərimizin əllərində 3 min şəhidin plakatlarını tutduğu bu əzəmətli yürüş aksiyası tariximizin ötən ilinin möhtəşəmliyini xalqımıza və dünyaya bir daha xatırlatdı. Bu möhtəşəm Zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz, Prezidentimizin ətrafında sıx birləşən xalqımızdır. Hər gün şəhid ailələri və qazilərimizi ziyarət edərkən Vətənini sevən insanlarımızın üzündə bu Qələbəmizin nurunu görmək mümkündür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək mərdlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş silahlı qüvvələrin hərbi qulluqçuları müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Yeni təsis olunmuş - "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Zəfər", "Qarabağ", "Vətənə xidmətə görə" 1, 2 və 3-cü dərəcəli, "Rəşadət", "Azərbaycan Bayrağı" ordenləri, habelə "Vətən uğrunda", "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə", "Cəsur döyüsçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim edilmişdir.

Bu, Azərbaycanın yeni hərb tarixinin yaranması demək idi. Bu qədər igidimizin mükafatlandırılması, təltif olunması Ordumuzun öz qarşısında dayanan döyüş tapşırığını necə məharətli icra etdiyini sübut edir. Şəhid ailələri və qazilərimiz hər zaman Prezidentimizin və Birinci vitse-prezident Mehriban xanımın diqqətindədir, onların qayğılarının həlli istiqamətində dövlətin bütün resursları səfərbər edilmişdir. Müharibədən dərhal sonra ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilir, dövlətin bu sahədə institusional təşəbbüslərindən biri də "YAŞAT" Fondunun yaradılması idi. Fond tərəfindən şəhid ailələrinə, qazilərə hər cür köməklik göstərilir, eləcə də qazilərimizin müalicələri xarici ölkələrdə davam etdirilir.

İndiyədək 9 mindən çox şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunmuşdur. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək.

Bu gün böyük qürur hissi ilə deyirik ki, ölkəmizin ərazi bütövlüyü bərpa edilib və sevinclə tarixi Zəfərimizi qeyd edirik. Vətən müharibəsində qələbəmizin əsas atributlarından biri də Zəngəzur dəhlizi məsələsinin siyasi gündəliyə daxil olması idi. Prezidentimiz bu barədə deyir: "Digər məsələ dəhlizlərin açılmasıdır. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu, bağlantı təmin edildimi? Xeyr. Amma bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik - həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, - hətta Ermənistan buna razılıq da verib, - aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın".

Regionda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında mühüm strateji vəzifələr durur. Bu kontekstdə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə postkonflikt mərhələsində bərpa-quruculuq işlərinin həyata keçirilməsi, bölgədə yeni nəqliyyat dəhlizinin yaradılması - kommunikasiya xətlərinin bərpası, sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslə çıxış edir, yüksək fəallıq nümayiş etdirir.

Tarixi Zəfərimizdən cəmi bir il kimi qısa müddətin keçməsinə baxmayaraq, artıq Qarabağa həyat gəlmişdir. Müzəffər Ali Baş Komandanın və Birinci vitse-prezident Mehriban xanımın işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı yeni-yeni infrastruktur layihələrinin əsasını qoymaları, Zəfər yolunun istismara verilməsi, Füzuli Beynəlxalq Hava Limanının açılması, eləcə də enerji təsisatlarının qurularaq istifadəyə verilməsi bunu deməyə əsas verir ki, Qarabağ tezliklə nəinki ölkəmizin, eləcə də dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Azadlığının ildönümünü qeyd etdiyimiz Şuşa şəhəri artıq Azərbaycanın mədəniyyət paytaxtıdır və Heydər Əliyev Fondu tərəfindən Şuşa şəhərində musiqi və mədəniyyət festivalları təşkil edilir.

Tarixi Zəfərimiz münasibətilə xalqımızı bir daha təbrik edir, ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın azad edilməsi və düşmənin döyüş meydanında məhv edilməsində misilsiz şücaət göstərərək şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfa arzu edirəm.

                                              Adil ƏLİYEV,

Milli Məclis sədrinin müavini.