Şanlı Qələbə
Siyasət

Şanlı Qələbə

Vətən müharibəsi Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi

44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun tam qələbəsi ilə başa çatdı. Bu qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı, dünya hərb tarixində isə yeni səhifə açdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə başlayan Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi.

Ötən il  sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutdu. Müstəqil Azərbaycanın rəşadətli, mətin, qüdrətli ordusu düşmənin bütün cəhdlərinin qarşısını layiqincə aldı. Sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik".

27 sentyabr xalqımızın yaddaşından, hafizələrindən, hərb tarixindən silinməyəcək. 32 ildir səbr edən, dözüm göstərən Azərbaycan xalqı, dövləti və Ordusu bir andaca yenidən səfərbər və tək yumruq oldu, düşmənin cavabının yalnız müharibə, hərb, savaş olduğuna qərar verdi. Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq arzusu ilə Azərbaycan Vətən müharibəsinə başladı.

Müharibə başlayan andan Azərbaycan xalqının hər bir fərdinin qəlbi cəbhədə döyünürdü. Cəbhədən gələn xəbərlər, ölkə başçımızın vaxtaşırı xarici kütləvi informasiya vasitələrinə müsahibələri, xalqa müraciətləri, tvitter sosial şəbəkəsində paylaşdığı tvitlər xalq tərəfindən böyük diqqətlə izlənilir və təhlil olunurdu. Hər qələbə xəbərindən sonra ölkəmizin hər bir guşəsində - şəhərlərdə, rayonlarda, kəndlərdə qələbə sevinci yaşanırdı. Azərbaycan Ordusunun sürətlə irəlilədiyi həmin günlərdə Gəncə, Bərdə, Tərtər kimi rayonlarımız daimi olaraq düşmən hədəfinə tuş gəlirdi. İnsanların canı, malı, mülkü təhdid altında idi, amma yenə də vətəndaşlarımız canlarını, mallarını Vətənə fəda etməyə hazır olduqlarını bildirir və ifadə edirdilər ki, təki Vətən sağ olsun. Məhz bu düşüncə bizi Qələbəyə apardı, qalib ölkənin vətəndaşı olmağı bəxş etdi.

İkinci Qarabağ müharibəsində Azərbaycan şanlı Qələbə qazanaraq öz gücünü bütün dünyaya göstərdi. Bu Qələbə sayəsində tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsinin nəticələrini yüksək dəyərləndirərək: "Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar", - deyə vurğulayıb.

Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistan üzərində qəti qələbə çalaraq öz şərəfli missiyasını yerinə yetirmiş oldu. Müharibədən zəfərlə çıxan müzəffər ordumuz alnıaçıq vətən torpaqlarını, kəndlərimizi, qəsəbələrimizi və şəhərlərimizi bir-birinin ardınca qısa zaman kəsiyində düşmən tapdağından azad etdi.

Bu gün dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı icra olunur. Erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşlə yenidən qurulur. Ata-baba yurdumuzda azan səsi ucaldılır, şanlı üçrəngli bayrağımız dalğalanır. 44 günlük müharibənin hər günü, işğalda olan hər bir rayonumuzun, şəhər və kəndimizin azad olunması müasir tariximizin qəhrəmanlıq səhifəsidir. Qarabağın qəlbi Şuşanın erməni tapdağından xilas edilməsi isə bu müqəddəs savaşın zirvəsi, Azərbaycanın mühüm strateji qələbəsi oldu.

44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Düşmənin ağ bayraq qaldırması ilə uzun illərdir işğalda olan ərazilər öz həqiqi sahiblərinə qayıtdı. Buna qədər 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edilmişdisə, Ermənistanın məğlubiyyətini etiraf etməsindən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qoşunların çıxarılması təmin olundu. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

Şanlı zəfərimizdən sonra Azərbaycanın nüfuzu daha da artdı. Bütün dünya Azərbaycan liderinin timsalında güclü, cəsarətli, iradəli bir rəhbər, Ali Baş Komandan gördü. Eyni zamanda, həmin rəhbərin ətrafında birləşən, onunla həmrəy olan xalqımızı, güclü, qüvvətli ordumuzu bütün dünyaya tanıtdı. Bu gün Azərbaycan, Cənubi Qafqazın söz sahibi ölkəsi olaraq əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir. Qarabağdakı quruculuq işlərində iştirak etmək istəyən ölkələrin sayı getdikcə artır.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq isə yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Xalqımız erməni vəhşiləri üzərindəki bu tarixi qələbəni sevinclə qarşıladı, onu ümumxalq yürüşləri ilə qeyd etdi. Bu sevinci xalqımıza yaşadan Ali Baş Komandanımızın rəhbərlik etdiyi Azərbaycan Ordusunun əsgər və zabitlərinin rəşadəti oldu. Təkcə bir faktı xatırladaq ki, onların misilsiz qəhrəmanlığı sayəsində Qarabağın tacı sayılan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi həkk edildi.

İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaq. Bundan sonra da Azərbaycan qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq.

M.MİRZƏ,

"Respublika".