Şanlı və şərəfli tarix
Digər xəbərlər

Şanlı və şərəfli tarix

20 Yanvar gününü xatırlayarkən hər birimiz eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi.

Heydər  ƏLİYEV,

Ümummilli lider.

1990-cı il Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib.

1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş M.Qorbaçovun Qarabağı müxtəlif vasitələrlə Azərbaycan SSR-in nəzarətindən çıxarmaq və Ermənistan SSR tərkibinə qatmaq, Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasəti və bu siyasəti Azərbaycan Kommunist Partiyasının birinci katibi Ə.Vəzirovun xüsusi canfəşanlıqla həyata keçirməsi Azərbaycan SSR-də 1988-ci ildə milli azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Bu siyasət, eyni zamanda 1990-cı il 20 Yanvar faciəsinə gətirib çıxartdı.

1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan etibarən "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-dan başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21:00-da Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na SSRİ müdafiə naziri, marşal D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan atəş açırdılar. Qaçıb sığınacaqlarda gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb tapılır, gülləbaran edilirdilər. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, adamları tankların tırtılları altına salıb əzabla öldürür, eybəcər hala salırdılar. Şəhərin küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. Azərbaycanlılara qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş, insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulmuş dəhşətli terror aktıdır.

1990-cı il Yanvar qurbanları "20 Yanvar şəhidi" adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər "20 Yanvar şəhidi" vardır.

Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi, bu ağır günlərdə yaralı, heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi: "...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı. ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!".

Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib şəhidlər ilə vidalaşdı. Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildi. Dəfn mərasimində 2 milyona yaxın insan iştirak etmişdir. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi. Lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etmədi.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: "Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin".

Ulu öndər Heydər Əliyevin fərmanı ilə yanvar ayının 20-si isə Azərbaycanda Ümumxalq Hüzn Günü elan edilib.

2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun "20 Yanvar" stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakıda "20 Yanvar" dairəsində memorial abidə-kompleksinin açılışı şəhidlərimizə verilən dəyərin bariz nümunəsidir. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutaraq hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Bəli, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə olan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Xalqımız qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi.

Müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə qurban getmiş şəhidlər heç vaxt yaddan çıxmayacaq, unudulmayacaq. Onlar xalqın azadlığı yolunda canlarından keçməklə əbədiyyətə, xalqımızı isə azadlığa qovuşdurdu. Bu, bir tarixdir. Qanlı, amma şanlı və şərəfli bir tarix.

Bəybala BƏYBALAYEV,

"Respublika".