SARSILMAZ BIRLIYIMIZIN ZƏFƏRI
Siyasət

SARSILMAZ BIRLIYIMIZIN ZƏFƏRI

Müzəffər Ali Baş Komandanımızın müdrikliyi, rəşadətli Ordumuzun qüdrəti, xalqımızın həmrəyliyi ölkəmizə bu möhtəşəm qələbəni qazandırdı

Azərbaycanı möhtəşəm qələbəyə qovuşduran Ali Baş Komandanımızın müdrikliyi, xalqımızın sarsılmaz birliyi, rəşadətli Ordumuzun gücü-qüdrəti oldu. Qarabağın azadlığı uğrunda mübarizədə günbəgün möhkəmlənən ümummilli həmrəyliyimiz bizi bu uğurlu nəticəyə addım-addım yaxınlaşdırdı. Bu uğur, bu Qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi, Şuşa qalasını fəth etdi.

Ali Baş Komandanın düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən savaş taktikası erməni faşizmini iflasa uğratdı. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda güclü nizam-intizam, mobillik, komandirlərə inam, Silahlı Qüvvələrimizin müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı öz sözünü dedi. Bu 44 günlük savaşda ən mühüm olanı Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji hazırlığı idi.

Vətən müharibəsi döyüş taktikasına görə dünya hərb tarixinə yazıldı. Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, Müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun hər kəs şahidi olsun. 44 günlük savaş başlayana qədər Ermənistan ictimaiyyəti hələ də elə düşünürdü ki, çox qısa bir müddətə Azərbaycanı məğlub edəcək, yeni ərazilər ələ keçirəcək. Lakin işğalçı Ermənistanda unudurdular ki, artıq Azərbaycan, onun ordusu ötən əsrin 90-cı illərindəki deyil, onların qarşısında hərb sənətinin incəliklərini bilməyən könüllülər yox, dünyanın aparıcı orduları ilə müqayisə edilən güclü, intizamlı hərbi birləşmələr dayanıb. Ciddi nizam-intizamla formalaşan və ən müasir silahlara malik, son 27 ildə yalnız öz torpaqlarını azad etməyi düşünən bir ordudan fərqli olaraq korrupsiya və özbaşınalıqlar içərisində boğulan Ermənistan silahlı qüvvələri cəmi bir neçə günün içərisində elə ağır zərbələr aldı ki, müharibəni davam etdirə bilməyəcəyini anladı və düşmənin xarici havadarlarının yardımına bel bağlamaqdan başqa çarəsi qalmadı.

Silahlı Qüvvələrimiz Ermənistan üzərində bir daha öz üstünlüyünü göstərdi. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız Vətən naminə, torpaqlarımız, birliyimiz və bərabərliyimiz, müstəqil Azərbaycan dövlətinin əbədi yaşaması, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan düşmənlə fədakarcasına mübarızə apardılar. O döyüşlərdə göstərilən qəhrəmanlıq nümunələri bizim hər birimizin qəlbində daim yaşayacaqdır. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, xalqımız Vətən yolunda şəhid olan hərbi qulluqçularımızı, qəhrəmanlarımızı heç vaxt unutmayacaq, onların qisası alınıb. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin həmişə prioritet hədəflərindən biri olub. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimizin rolu olduqca böyükdür. Yarandığı ilk gündən etibarən Vətənimizin keşiyində olan Milli Ordumuz bu gün də sərhədlərimizdə mənfur düşmənlə üz-üzə durub qəhrəmancasına mübarizə aparır. Aprel döyüşləri tarixə Ordumuzun gücünün, xalqla Ordunun vəhdətinin, vətənpərvərliyin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin rəşadət əzmini sındırmaq asan deyil. Azərbaycan övladlarının göstərdiyi igidliklər milli hərb tariximizə şanlı səhifələr kimi yazılıb və yazılır. Bunun ən son nümunəsini Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayon istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük. Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimiz bir daha öz üstünlüyünü nümayiş etdirdi.

Ermənistan Azərbaycan Ordusunun gücünü, ordu rəhbərliyinin düşünülmüş strategiyasını hesablaya bilmədi. Eyni zamanda, Azərbaycan cəmiyyətinin, bütövlükdə Azərbaycan xalqının torpaqlarının azadlığı uğrunda mübarizəyə necə hazır olduğunu, bunun üçün nümayiş etdirdiyi həmrəylinin miqyasını qiymətləndirməyi bacarmadı. Nəticədə, Azərbaycan Ordusu ağlasığmaz uğurlara imza ata bildi. Belə ki, hərbi əməliyyatların getdiyi ərazilər təbii istehkam rolunu oynayırdı, müharibənin əvvəlində əsas strateji yüksəkliklər və mövqelər düşmənin əlində idi, Ermənistanın həmin yerlərdə 30 il ərzində qurduğu müdafiə sistemləri Azərbaycan Ordusu üçün ciddi çətinliklər yaradırdı, lakin Ordu rəhbərliyinin düzgün strategiyası bütün bu amilləri önəmsiz etdi. Azərbaycan Ordusu qeyri-bərabər şərtlərə baxmayaraq, düşməni darmadağın edə bildi. 27 il ərzində Ermənistan hərbçiləri işğal altında olan ərazilərə dərindən bələd ola bilmişdilər. Nəzərə alsaq ki, 44 günlük əks-hücumda iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular, onların peşəkarlığına heyran olmamaq mümkün deyil. Terrorçu ölkənin hərbi birləşmələri 44 günün içində darmadağın edildi. Bununla da Ermənistan hakimiyyətinin erməni ictimaiyyətinə "qalib ordu" obrazı sırımaq cəhdləri iflasa uğradı. Atəşkəs üçün dəfələrlə Rusiya prezidentinə müraciət edən Paşinyan danışıqlara hazır olduğunu açıq şəkildə bildirərək, bir növ, döyüşlərdə qalib gələ bilməyəcəklərini etiraf etdi və son nəticədə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bir qədər əvvəl həyasızcasına "Qarabağ Ermənistandır və nöqtə" deyən Paşinyan Azərbaycan qarşısında diz çökərək, təslim olduğunu bildirdi. Tarixi Zəfərimiz "Qarabağ Azərbaycandır!" reallığının əbədi təsdiqi oldu.

Xalqa müraciətində Prezident İlham Əliyev məhz bu məsələni xüsusi vurğulayaraq bildirdi: "Biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq". Cənab Prezidentin bəyan etdiyi kimi, "doğrudan da bu müharibədə qələbəmizin əsasında dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin gücü-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı". Azərbaycan Ordusunun daha da modernləşməsi, mobilləşdirilməsi və ən son hərbi texnologiyaların orduya gətirilməsi... Bu istiqamətdə həyata keçirilən tədbirlər ordumuzun qüdrətini daha da artırıb. Möhtəşəm paradlar Azərbaycan Ordusunun həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi.

Ordu cəmiyyətdə daxili özünəinamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına yüksəlib. Azərbaycan Silahlı Qüvvələri bizim qoruyucumuz, təhlükəsizliyimizdir. Milli Ordumuz hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğının uğurlu nəticəsidir.

Mustafa KAMAL,

"Respublika".