Sarsılmaz birliyin zəfəri
Siyasət

Sarsılmaz birliyin zəfəri

Azərbaycan  Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi nəticəsində qazanılan  Zəfər tariximizin ən parlaq səhifəsi kimi heç vaxt unudulmayacaq. Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya nümayiş  etdirdi.

Aparılan məqsədyönlü siyasət münaqişənin hüquqi bazasını formalaşdırdı. Bütün beynəlxalq təşkilatlar işğal olunmuş Qarabağ və ətraf rayonları  Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdı. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqq-ədalət mübarizəsi apardığı reallıq qəbul olundu. Beləliklə, 27 sentyabr tarixində ordumuzun başladığı uğurlu əks həmlə əməliyyatları beynəlxalq müstəvidə mənfi rezonans doğurmadı. "Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi". Bu fikirləri  deyən dövlətimizin başçısı vurğulayıb ki, biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz  işğalla  barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının həyata keçirdiyi  məqsədyönlü siyasət,  qüdrətli ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirdi. Prezident bütün çıxışlarında hər zaman xalqa arxalandığını, ondan güc aldığını bildirirdi. Ölkə başçımız istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində uzaqgörən, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırdı. “Müasir dünyada güclüsənsə haqlısan məntiqi hökm sürür” - deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyənləşdirdi.

İkinci Qarabağ savaşında şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətlərində də tarixi nailiyyətlərə imza atdı. Dünya  xalqımızın müdrik liderinin, qətiyyətli sərkərdəsinin ətrafında sıx birləşərək 30 ilə yaxın davam edən münaqişədə erməni faşizmini məhv etdiyinin, düşmən üzərində parlaq Qələbə, Zəfər qazandığının şahidi oldu. 10 noyabr kapitulyasiya aktı düşmənin acizliyini, zəifliyini və rüsvayçı məğlubiyyətini əyani şəkildə təsdiq etdi. Beləliklə, Azərbaycan ədaləti bərpa etdi. Bu tarixi zəfər böyük geosiyasi məkanda, Cənubi Qafqazda  proseslərin  məcrasını tamamilə dəyişdirdi, yeni reallıqlar  yaratdı. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın etibar etdiyi liderdir.

Prezident İlham Əliyev hələ 2018-ci ildə Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda demişdi ki, gün gələcək və işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda nümayiş olunacaq. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkəmizin 30 il müddətində pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə də atılan hər bir  addım doğma Qarabağımızın azadlığını reallaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Həmin gün yetişdi və 10 dekabr 2020-ci il tarixində Azadlıq meydanında keçirilən Zəfər paradında qalib ordunun döyüş bayraqları ilə təntənəli keçidini qürurla izlədik.

 Prezident İlham Əliyevin Vətən və xalq qarşısında ən böyük xidmətlərindən biri də qüdrətli, yüksək döyüş qabiliyyətinə malik  Ordunun formalaşdırmasıdır. Müasir ordu quruculuğu istiqamətində atılan vacib addımlar Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer almasına şərait yaratdı. Ölkəmizdəki yüksək vətənpərvərlik ruhu Azərbaycan Prezidentinin cəsarətli və qətiyyətli mövqeyindən, Azərbaycan xalqının, dövlətinin və ordusunun birliyindən, bütövlüyündən qaynaqlanır.  Bu monolit birlik,  qətiyyət və prinsipiallıq ölkəmizi bundan sonra da  yeni zirvələrə  aparacaq.

Mustafa KAMAL,

 “Respublika”.